Talassemiyanın yayılmasının qarşısının alınması üçün maarifləndirməyə ehtiyac var - FOTO

ÖLKƏ
14:46 / 18.03.2022
1293

"Leykozlu Uşaqlara Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Neftçala rayonunda maarifləndirmə tədbiri keçirib.

Neftçala rayonu Heydər Əliyev Mərkəzində baş tutan “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı tədbirdə tibb işçiləri, müəllimlər, tələbələr və rayonun aktiv gəncləri iştirak edib.

Neftçala Rayon İcra Hakimiyyətinin Aparıcı məsləhətçisi Esmira Məmmədzadə talassemiya və qohum nikahların səbəb olduğu genetik xəstəliklərlə bağlı əhalinin maaifləndirilməsinin əhəmiyyətindən danışıb. Belə bir tədbirin keçirilməsinin əhali üçün faydalı olmasını qeyd edib.

Daha sonra həyata keçirilən layihə ilə bağlı məlumat verən "Leykozlu Uşaqlara Dəstək" İctimai Birliyinin sədr müavini Nəbili Emin bildirib ki, talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklərin yayılmasının qarşısını alınması məqsədi ilə dövlət tərəfindən müvafiq işlər görülür: “Ölkəmizdə müasir tələblərə cavab verən səhiyyə müəssisələri tikilir, ən müasir tibbi avadanlıqlarla təmin olunur. 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə talassemiya xəstələrinin müalicə və müayinəsinin aparılması məqsədi ilə “Talassemiyasız həyat naminə” layihəsinə start verildi. Layihə çərçivəsində 2009-cu ildə Bakıda müasir avadanlıqlarla təchiz olunmuş Talassemiya Mərkəzi tikilib istifadəyə verildi. Artıq bu Mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. 2015-ci ildən nikaha daxil olan cütlüklərinin tibbi müayinəsinin aparılması da milli genofondumuzun qorunması üçün qəbul edilmiş qərarlardandır”.

Emin Nəbili bu xəstəliklərin yayılmasının qarşısının alınmasında vətəndaşların da fəal olmasını qeyd edib, qan donorluğunun əhəmiyyətindən danışaraq, hər kəsi qanvermə aksiyalarında fəal olmağa çağırıb.

Daha sonra Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hematologiya şöbəsinin həkim hematoloqu Nailə Babayeva talassemiya və digər irsi qan xəstəlikləri barədə iştirakçıları məlumatlandırıb: "Çox zaman insanlar talassemiya daşıyıcısı olduqlarını yalnız talassemiyalı xəstə uşaqları olduqdan sonra və ya təsadüfən xüsusi hematoloyi müayinədən keçəndən sonra bilirlər. Talassemiyalı xəstəyə qan köçürməklə onun vəziyyətini yüngülləşdirmək mümkündür. Problemin daha bir müalicə üsulu isə sümük iliyinin köçürülməsidir. Həmçinin ayda bir dəfə dəri altına dərman yeritməklə qanın laxtalanmasını normal vəziyyətə salmaq və xəstənin tam sağlam yaşamasını təmin etmək olur”.

Qan xəstəliklərinin müalicə və müayinəsindən, yayılma səbəblərindən danışan hematoloq Neftçala rayonunda da qan xəstəliyinin geniş yayıldığını, genetic xəstəliklərin əsas səbəblərdən biri Azərbaycanda qohum evliliyin olduğunu qeyd edib.

Sümük iliyi transplantasiyası, qan donorluğu, donorların bilməli olduğu vacib məsələlər barədə danışan Nailə Babayeva tədbir iştirakçılarının müxtəlif suallarını cavablandırıb.
Tədbirdə iştirak edən tibb işçiləri, gənclər və müəllimlər də bu mövzuda əhali arasında maarifləndirmənin aparılmasının vacibliyini qeyd ediblər.

0