"Seymur Ağstafada ingiliscə danışmağa yox, göndərildiyi rayonda ölkə rəhbərinin nümayəndəsi vəzifəsini yerinə yetirməyə göndərilib”.
HİT.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Ağstafa rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Seymur Orucovun cəmiyyətdə qınağa tuş gəlməsindən danışarkən deyib.
Onun sözlərinə görə, Seymur ingilicə nəinki Harvard səviyyəsində, heç Malta dialektində də danışa bilmir:
"Son günlərdə cənab Prezidentin vəzifələrə təyin etdiyi şəxslərə verdiyi tapşırıqlar cəmiyyət tərəfindən müsbət qarşılanır. Təyin edilənlər isə işlədiyi sahədə özünü müsbət tərəfdən tanıdan şəxslərdir və yüksək etimada layiq görülüblər. Ancaq bu təyinatlara qarşı birbaşa çıxmasalar da, bəziləri təyin edilənlərdə qüsur axtarmağa cəhd edirlər. Son təyin edilənlərdən ən çox hücuma məruz qalan isə YAP Gənclər Birliyinin sədri olan Seymur Orucovdur. Ayrı-ayrı bucaqlardan onun haqqında "kompramat” yaymağa, ictimai fikirdə işə başlamamış onun haqqında neqativ yaratmağa çalışırlar. Ən son "şedevr kompromat” isə onun ingilis dilində çıxışı olan videonun yayılması və onun bu xarici dili yaxşı bilməməsinin vurğulanmasıdır. Tamamilə razıyam, Seymur ingilicə nəinki Harvard səviyyəsində, heç Malta dialektində də danışa bilmir. Ancaq bir məqam var ki, Seymur Ağstafada ingiliscə danışmağa yox, göndərildiyi rayonda ölkə rəhbərinin nümayəndəsi vəzifəsini yerinə yetirməyə göndərilib. Ona ingilis dilində düzgün tələffüzə görə deyil, rayonun sosial-iqtisadi inkişafını təmin etməsinə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, sahibkarlığa dəstəyinə görə qiymət veriləcək”.
Aydın Mirəzadə qeyd edib ki, Seymur Orucov yeni nəsil idarəçiliyin yaradılmasında şəxsi nümunə olmalıdır:
"Seymura qarşı hücum təsadüfi deyil, əsas hədəf cənab Prezidentin siyasi kursu, Yeni Azərbaycan Partiyasıdır. Seymurun YAP sıralarında formalaşması partiyanın potensialını, Azərbaycan gənclərinin Heydər Əliyev yoluna inamını göstərir. Seymur kimi gəclərimiz yüz minlərlədir, onlar müstəqil Azərbaycan mühitinin yetirmələridir, onlar etimadı doğruldacaqlar. Seymur isə qarayaxmalara əhəmiyyət vermədən sadəcə olaraq işləyir. Prezidentin etimadını doğrultmağa çalışır, Ağstafada yeni mühit yaratmaq üçün çalışır. İnanırıq ki, bu, onda alınacaq. İngilis dilini yaxşı bilməsə də”.