Kremlin tələsik “Qarabağ səfiri” təyin etməsi nədən xəbər verir? - TƏHLİL

SİYASƏT
14:59 / 15.04.2022
4098

Qarabağda separatçıların ilk mitinqləri başlayan andan Moskva imkan verməyib ki, münaqişə tərəfləri öz aralarında öz problemlərini həll etsinlər (1988-ci il 13 fevralda ermənilər Xankəndidə Vilayət partiya komitəsinin binası qarşısında 400-ə qədər adamın iştirak etdiyi ilk mitinqi keçiriblər). 

Münaqişə tərəfləri qarşılıqlı addımlar atmaq barədə razılığa gələn kimi, SSRİ rəhbərliyi hansısa bir mərkəz yaradıb və ziddiyyətlər daha da dərinləşib. Moskvanın təyin etdiyi "xüsusi nümayəndələr” bir qayda olaraq mənfi rol oynayıb.

SSRİ Ali Soveti rəyasət heyəti 12 yanvar 1989-cu ildə "Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətində xüxusi idarə formasının tətbiq olunması” barədə fərman qəbul etdi. Komitənin tərkibinə 5 rus, 2 erməni və 1 azərbaycanlı daxil oldu. Xüsusi İdarə Komitəsinin Arkadi Volskinin sədrliyi altında yaradılması ilə minlərlə insanın ölümünə səbəb olan, 30 il çəkən, hələ də tam yekunlaşmayan qanlı savaş başladı. Moskvanın "xüsusi nümayəndəsi” münaqişənin müharibə həddinə çatması üçün bütün işləri gördü. Deyəsən, tarix bu dəfə də təkrar olunur. 

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub. Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə davam etdirəcək: "O, diqqətini Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına yönəldəcək. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan Xovayevin səylərinə dəstək verəcəklərinə ümid edirik”.

Rusiyanın Brüssel görüşündə "oyundankənar vəziyyətə” düşməsi Kremli prosesə təcili müdaxilə etməyə sövq elədi. Kreml danışıqlar masasını yenidən öz vasitəçiliyi ilə qurmaq niyyətini gizlətmir. Lakin Moskvanın belə tələskənliyi Vaşinqtonun da nəzərindən qaçmadı və ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays dərhal bəyanat verdi: "ABŞ hərtərəfli sülhə nail olmaq üçün ATƏT-in Minsk qrupu vasitəsi ilə Azərbaycan və Ermənistana kömək etməyə hazırdır. Biz Cənubi Qafqazın təhlükəsiz, demokratik və çiçəklənən gələcəyi üçün səylərimizə sadiqik. Biz aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşü, o cümlədən sərhədlərin delimitasiyası üşün ikitərəfli komissiyanın yaranması və sülh danışıqlarına hazırlıqdakı müsbət dinamikanı alqışlayırıq. ABŞ uzunmüddətli sülh üçün tərəfdaşları ilə ikitərəfli əməkdaşlığa hazırdır”.

Elə dünən Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun fransalı həmsədri ilə görüşüb və Qarabağ münaqişəsi ilə bağlı həmsədrlərin rolunu dəyərləndirib. Görünən budur ki, Paşinyan da Kremlin yenidən nizamlanmada "birinci skripka” rolu oynamasından heç də məmnun deyil və hər vəhclə Qərbin danışıqlar prosesində iştirakına nail olmaq istəyir.

Qeyd edək ki, Rusiya son aylar vasitəçilik prosesində passiv idi. Belə vəziyyətdə ABŞ Dövlət Departamenti təşəbbüs göstərərək, Gürcüstan vasitəsilə erməni diversantlarının mina xəritələrilə dəyişdirilməsinə nail oldu. İki həftədən sonra həmin prosesi Moskva təkrarladı. Bir sözlə, Qərbin bu məsələdə təşəbbüsü ələ alması Rusiyanı narahat edir. Rusiya vasitəçi ölkə kimi öz missiyasını yerinə yetirə bilmir. Bu onu göstərir ki, vasitəçilik missiyasında götürülən öhdəliklər yerinə yetirilmir və ləngimə baş verirsə, boşluqlar yaranır, ondan da kənar oyunçular istifadə edir. Bu baxımdan, Avropa İttifaqı 44 günlük savaşdan sonra Azərbaycan və Ermənistan liderləri arasında ikinci görüşü təşkil etməklə özünün bu məsələdə israrlı olduğunu nümayiş etdirməyə çalışır.

Ümumiyyətlə, son aylar Rusiya proseslərin arxasınca sürünürdü və Ukrayna savaşı başlayandan sonra bölgəmizdə baş verənlər Moskvanın regiondan sıxışdırıldığı görüntüsünü yaradırdı. Şübhəsiz ki, bu, Kremli narahat etməyə bilməzdi və "Qarabağ səfiri”nin təyin edilməsi də bu əndişənin göstəricisidir.

44 günlük savaş nəticəsində münaqişənin tənzimlənməsi, demək olar ki, həll edilib. Lakin yekun sülh sazişi imzalanmayıb. Belə bir tarixi sənədin imzalanması üçün Bakı və İrəvan öz aralarında anlaşmalıdır. Aİ və digər təşkilatların da çalışdığı məhz budur. Belə olan təqdirdə bəs Rusiyanın istəyi nədən ibarətdir? Əslində, Rusiyanın istəyi bəllidir. Moskvanın 44 günlük savaş zamanı sərgilədiyi mövqe də bu amilləri nəzərə alırdı -  hərbi yükləri Azərbaycandan keçməklə şose yolu və gələcəkdə bərpa olunacaq Azərbaycan-Ermənistan dəmir yolu vasitəsilə Ermənistana və əksinə daşımaq Rusiya üçün ən optimal variant kimi görünürdü. Elə indi də görünür. 

10 noyabr Bəyanatından sonra Rusiya Qarabağ münaqişəsini Kremlin maraqları çərçivəsində həll edildiyini zənn edirdi. Rusiya ekspertləri hesab edirlər ki, Türkiyənin Cənubi Qafqaza müdaxiləsinin, NATO hərbi infrastrukturunun Rusiyanın cənub sərhədlərinə yaxınlaşmasının qarşısını ala bildilər, artıq KTMT və Avrasiya İqtisadi Birliyini iflasdan xilas etmək asan olacaq. Lakin Ukraynada ağır məğlubiyyətə uğrayandan sonra Rusiyaya elə bir zərbə dəydi ki, artıq onun çətiri altında hansısa bir böyük birlik modeli qurmağı heç kəs düşünmür. Moskva anlayır ki, Ulraynada suqsvanq vəziyyətinə düşüb və istənilən nəticə Kremlin əleyhinə yönələ bilər. Bu baxımdan, Kreml Azərbaycan-Ermənistan qarşıdurmasından bəhrələnmək və Xəzər hövzəsində möhkəmlənmək, Ukrayna savaşından "qazandığı” boşluğu bu bölgədə doldurmaq istəyir.  

Lakin ABŞ da Qarabağ məsələsində hazırkı status-kvonun rusların xeyrinə dəyişməsini istəmir. Vaşinqtonda da anlayırlar ki, bu gün Qarabağda baş verənlər birbaşa olaraq Ukrayna hadisələri ilə bağlıdır. Artıq amerikalılar Bakı və İrəvanı inandırmağa çalışırlar ki, sülhün dayanıqlı qalması üçün təminatlar lazımdır və belə təminatlar ancaq Qərbin hərbi-siyasi alyansı ilə əməkdaşlıqda ola bilər.  

Brüssel görüşü, ümumiyyətlə, bölgədə proseslərin inkişafı sülh danışıqlarının tədricən Rusiyanın nəzarətindən çıxdığının xəbərçisidir. Rusiyanı tədricən Avropa Birliyi əvəzləməkdədir. Avropa Birliyi Cənubi Qafqazı Şərq qapısı kimi qəbul edir. Avropa Birliyinin enerji maraqları mövcuddur. Birliyin Rusiyanın enerjidaşıyıcılarından imtinası ideyası aktuallaşır və artıq Avropa Komissiyası bununla bağlı qərar qəbul etməyə hazırlaşır. Belə olan təqdirdə alternativlərə ehtiyac yaranır. Mümkün alternativlərin əksəriyyəti isə Xəzərətrafı ölkələrin ehtiyatlarıdır. Bu ehtiyatların nəqli də Azərbaycan üzərindən mümkündür. Yəni, müəyyən infrastruktur var, onu gücləndirməklə irəliləyişlərə nail olmaq olar ki, Avropa Birliyinin qaz təlabatının müəyyən həcmi ödənilsin. 

Burada söhbət təkcə Azərbaycan qazından getmir. Nəzəri cəhətdən İran, Türkmənistan, Qazaxıstan və hətta Özbəkistan da bu layihədə var. Ona görə də bölgədə sülhə nail olmaq Avropa Birliyinin marağındadır. Rusiya isə belə bir prosesdən kənarda qalmasından narahatdır. Bu baxımdan, istisna deyil ki, Rusiya Qarabağda münaqişəni bərpa etməyə cəhd eləsin. Kreml açıq şəkildə bəyan edir ki, Brüssel Vaşinqton uzaqdadır, Moskva isə yaxındır və onun əli bölgədədir. İstənilən halda, Moskva söz sahibidir və onun münasibətini nəzərə almamaq mümkün deyil. Burada söhbət Moskva-Vaşinqton-Qafqaz üçbucağından gedir, bu regionda münasibətlər aydınlaşmalıdır. Təhlillər onu deməyə əsas verir ki, bu cür qeyri-müəyyən proseslərin qaynar fazaya keçməsi ehtimalı az deyil... 

Azər Rəşidoğlu

Qaynarinfo

2