ABŞ Ukraynaya gəmi əleyhinə raketlər verəcək

DÜNYA
23:25 / 16.04.2022
897

Ukrayna bir neçə həftədir ki, ABŞ-dan gəmi əleyhinə raketlər və digər sahil müdafiə silahlarının tədarükü ilə bağlı istəyini bildirirdi.

Birləşmiş Ştatlar isə bu həftə açıqlanan 800 milyon dollarlıq hərbi yardım paketinə sahil müdafiə silahlarını da əlavə etməklə bu istəyə cavab verib. Çərşənbə günü keçirilən görüşdə Pentaqonun yüksək rütbəli rəsmiləri həmçinin ABŞ hərbi podratçılarından ABŞ-ın ukraynalılara və ya Amerika müttəfiqlərinə verə biləcəyi əlavə gəmi əleyhinə raketlərlə bağlı təkliflər işləyib hazırlamağı  xahiş ediblər.

Ukraynanın Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva”ya zərbəsi sahildən buraxılan gəmi əleyhinə raketlərin gücünün bariz nümayişi idi və ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinin sözlərinə görə, Ukraynanın böyük həcmdə belə silah tədarükü istəyi “çox uzaqgörən” addım idi.

Amerika rəsmiləri “Moskva”nın Amerika istehsalı olan silahlarla deyil, Ukraynaya məxsus iki  “Neptun” raketi ilə batırıldığını bəyan ediblər.

Rusiya isə “Moskva”dakı yanğının Ukraynanın hücumu nəticəsində deyil, qəza ilə bağlı olduğunu iddia etməyə davam edir.

Bəzi ABŞ rəsmiləri Rusiyanın hələ də ictimaiyyət qarşısında Ukraynanın şücaətini alçaltmağa çalışdığını bildirib. Rəsmilərin fikrincə, "Moskva"nın batması həm Ukraynanın öz silahlarının gücünü, həm də Rusiya donanmasının uzun müddət hökmranlıq etdiyi Qara dəniz istiqamətində hərbi əməliyyatların genişləndirilməsinin strateji əhəmiyyətini göstərdi.

ABŞ rəsmilərinin fikrincə, müharibənin indiki mərhələsində Ukraynanın imkanları və ya ukraynalıların Rusiya ordusuna böyük ziyan vurmaq qabiliyyəti heç kəsi təəccübləndirməməlidir. /Oxu.az

0