“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ətraf mühit və insan sağlamlığının qorunmasında yol hərəkəti təhlükəsizliyinin rolu" mövzusunda layihəni davam etdirir.
Belə ki, bu gün Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Nəqliyyat Agentliyində keçirilən tədbirdə çıxış edən Mərkəzin sədri Elməddin Muradlı bildirib ki, son illər ölkəmizdə ətraf mühit və insan sağlamlığının qorunması istiqamətində bir sıra addımlar atılıb. Layihəni keçirməkdə də əsas məqsədlərdən biri məhz ətraf mühitin qorunması ilə bağlı ictimaiyyəti maarifləndirmək, bu sahədə müsbət nəticələrə nail olmaqdır. Bütün bunlar Prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramında da öz əksini tapır. Yəni, təbliğat, maarifləndirmə olduqca önəmlidir: “Havanın çirklənməsində ən böyük zərbələrdən biri istismar müddəti keçmiş avtomobillərdən gəlir. Nəqliyyat vasitələrinin havaya buraxdığı zəhərli qazlar ətraf mühitin daha da çirklənməsinə səbəb olur. Dövlətin, cəmiyyətin marağı ondadır ki, normativ hədlər aşılmasın”.
Elməddin Muradlı bildirib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən ölkəyə sıxılmış qazla işləyən avtobusların gətirilməsi, velosiped zolaqlarının yaradılması, piyada səkilərinin normallaşdırılması ətraf mühitin və insan sağlamlığının qoruması üçün vacib elementlərdir.
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, təmsil etdiyi qurum mütamadi olaraq ətraf mühit və insan sağlamlığının qorunması istiqamətində işlər həyata keçirir. Sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsinin xidmət keyfiyyətinin artırılması baxımından əhəmiyyətini nəzərə alaraq, bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Dövlət başçısının müəyyənləşdirdiyi strategiya çərçivəsində son illər paytaxtın nəqliyyat sistemi müasir çağırışlar əsasında qabaqcıl standartlar səviyyəsində inkişaf etməkdədir. Son 6 ildə xüsusilə dövlət sektorunda avtobusla ictimai nəqliyyatın təşkilində yeni xidmət standartlarının tətbiqi, ictimai nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı sistemli tədbirlər həyata keçirilməkdədir.
Bununla yanaşı Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyinin şöbə müdürü Tərlan Səfərov qeyd edib ki, ətraf mühit və insan sağlamlığının qorunmasında istiqamətində BNA tərəfindən şəhər mərkəzində velosiped yollarının tikintisi davam etdirilir. Təşkil edilən velosiped yollarına iki komponentli boyalar vurulub. Şəhərin mərkəzi hissəsini əhatə edən 7,5 km uzunluqlda velosiped yolunun 1,6 km artıq yekunlaşıb. Bakı şəhərinin Baş Planına əsasən velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilədək 63,5 km, 2040-cı ilədək 251,2 km təşkil edəcək.
Daha sonra çıxış edən Avtosfer.az sayının redaktoru Orxan Əliyev bildirib ki, nəqliyyat vasitələrinin sıx olduğu şəhərlərdə, yəni Bakı kimi şəhərlərdə havanın çirklənməsi daha intensiv və həcmli olur. Digər tərəfdən istifadə edilən avtomobillərin böyük əksəriyyətinin istismar müddətini başa vurmuş olduğunu nəzərə alsaq, vəziyyətin hansı xəritə alacağını təsəvvür etmək çətin deyil. Avtomobil nəqliyyatı iş prosesində ətraf havaya 200-dən çox zəhərli və zərərli maddə ixrac edir. Bir gündə hər min ədəd avtomobil mühərrikindən havaya 3,2 ton karbon oksidi, 200-400 kq digər qazabənzər maddələr buraxılır.
Müzakirələr çay süfrəsi arxasında davam etdirilib.