Diaspor nümayəndəsi: "Şuşaya getmək və orada olmaq mənim üçün çox həyəcanlıdır"

SİYASƏT
09:42 / 20.04.2022
659

“Çox şükür ki, bu gün daha Qarabağ arzularda deyil. Bu gün bir reallıqdır. Biz də bu reallığı görməyə gedirik”.

Bu fikirləri “Report”un yerli bürosuna Hollandiyada fəaliyyət göstərən Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlıları Kordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva bildirib.

“Mən ilk dəfə deyil ki, Dünya Azərbaycanlılarının Qurultayında iştirak edirəm. Lakin son illərdə diaspor sahəsində olan dirçəliş Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların aktivliyində özünü bariz şəkildə göstərir. Çünki 44 günlük Vətən müharibəsi dövründə azərbaycanlıların göstərdiyi aktivlik göz önündədir. Azərbaycanda müharibə gedirdi, xaricdə yaşayan azərbaycanlılar da xaricdə fəaliyyət göstərirdilər. Həmçinin mənim yaşadığım Hollandiyada istər özümün sədri olduğum Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyi, istərsə də əlaqələndiricisi olduğum Niderland Belçika Azərbaycanlıları Kordinasiya Şurasının bütün üzvləri çox fəal şəkildə fəaliyyət göstərirdik”, - deyə o, vurğulayıb.

M.Ağamirzəyeva Qarabağlı azərbaycanlı olmağın sevincini yaşadığını bildirib:

“Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Çünki biz Dünya Azərbaycanlılarının V qurultayına Şuşaya gedirik. Bu günü bizə bəxş edən Prezidentimizə dərin təşəkkürümüzü bildirir və ona cansağlığı arzulayırıq. Sözsüz ki, minlərcə şəhidimiz var. Şəhidlərimizi yetişdirən anaların qarşısında baş əyirik. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Qazilərimizi də əlbəttə ki, unutmuruq. Onlara cansağlığı arzulayırıq. Bu gün Qarabağlı Azərbaycana gəlmək bizə tamam başqa bir hiss verir. Hava limanından gələndə, "Qarabağ Azərbaycandır" şüarını hər yerdə görəndə insanda tamam fərqli bir hiss yaranır. Təbii ki, bunu vətənə gələndə hər zaman hiss etmişik. Amma Qarabağlı azərbaycanlı olmaq insana ayrı cür zövq verir. Mən özüm də əslən Qarabağdanam və bu gün Şuşaya getmək, Şuşada olmaq mənim üçün çox həyəcanlıdır”.

Diaspor nümayəndəsi budəfəki qurultayın əvvəlkilərdən fərqli olduğunu xüsusi qeyd edib:

“Tədbirin təşkilatı məsələləri yüksək dərəcədə, hərtərəfli düşünülüb. Təşkilatçılara da təşəkkürümü bildirirəm. Mən dəfələrlə bu tədbirlərin iştirakçısı olmuşam. Lakin budəfəki tədbir tamam fərqlidir. Şuşaya gedirik. “Şuşada görüşərik” kəlimələri neçə gündür dilimizdən düşmür. Bu kəlimələri işlətməyi biz çoxdan arzulamışıq. Arzularımızda hər zaman “İnşallah Qarabağda bayramı keçirdərik” deyirdik. Çox şükür ki, bu gün daha Qarabağ arzularda deyil. Bu gün bir reallıqdır. Biz də bu reallığı görməyə gedirik”.

0