İlham Əliyev elan etdi: 1918 xəritəsi masaya gəlir

SİYASƏT
15:44 / 01.05.2022
2409

Asif Nərimanlı

Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə birgə komissiyasının formalaşmasının gündəmdə olduğu vaxt Əliyev elan etdi ki, biz bütün xəritələrdən istifadə edəcəyik – 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq, Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrədək. Və əlavə etdi ki, əlbəttə, bu, bizim birgə işçi qruplarımızın danışıqlarının tərkib hissəsi olacaq.

Sərhədin delimitasiyası Rusiyadakı xəritələr əsasında aparılacaq və bu xəritələr SSRİ-nin yaranmasından – 1922-ci ildən başlayır, lakin Əliyevin “1918-ci il, hətta ondan əvvəlki dövrün xəritələrini” əsas götürməsi iki məqamı önə çıxarır:

Birincisi, hədəf manevridir: Bakı danışıqlarda Zəngəzuru, İravanı da masaya gətirməklə hədəfi böyüdür və bu, istəyini almağa hesablanmış gediş ola bilər;

İkincisi və ən əsası 1929-cu ilə qədər verilən ərazilərin alınmasıdır: Prezidentin də dediyi kimi, Zəngəzur Ermənistana veriləndə hazırda mövcud olduğu 42 kilometrlik sahədən daha ensiz idi, sonradan ermənilər bu ərazini 42 kilometrə qədər genişləndirdilər.

SSRİ yarandıqdan sonra, xüsusilə 1926-29-cu illərdə Naxçıvanın 9 kəndinin və Kilit kəndinin torpaq sahələrinin bir hissəsi Ermənistana “pay” kimi verildi, o cümlədən, 1929-cu ilə qədər Zəngilan rayonunun tərkibində olan Nüvədi kəndi, ümumilikdə Mehri (Meğri) də bu ad altında ermənilərə hədiyyə olundu. Əliyev də bilir ki, masadakı xəritələr SSRİ-nin yaranmasından sonrakı dövrü əhatə edəcək, lakin məhz 1918-ci ilin xəritəsini gündəmə gətirməklə Zəngəzurun Ermənistana verildiyi və sonrakı dövrdə genişləndirilməsinin müqayisəsini önə sürməyi planlaşdırır.

Və bu, 1926-29-cu illərdə Ermənistana “pay” edilən ərazilərin geri qaytarılmasına hesablanıb. Buna nail olsaq:

- Ermənistan sərhədlərində qalan Mehriyə, yəni Zəngəzur dəhlizinin keçəcəyi əraziyə nəzarət edə bilərik;

- İran-Ermənistan sərhədinin Zəngəzur hissəsi tamamilə bağlana bilər (Tehranı narahat edən əsas məqamlardan biri də budur).

Hərçənd, Mehri rayonunun qaytarılması ehtimalı real siyasi vəziyyət fonunda azdır, buna təkcə Ermənistan yox, həm də Rusiya, Qərb, həmçinin, İran qarşı çıxacaq. Bununla müqayisədə Nüvədi kəndi və Naxçıvanın ərazilərini qaytarmaq imkanı daha real ola bilər.

Prezidentin açıqlaması Bakının masaya məhz bu paketlə - Zəngəzurun SSRİ yaranandan sonra Ermənistana verilən əraziləri - əyləşəcəyini deməyə əsas verir.

0