Azərbaycanın tanınmış yunan-Roma güləşçisi, dünya çempionu, Olimpiya mükafatçısı Rəsul Çunayevi artıq xeyli müddətdir ki, arenalarda görmürük. Hətta son vaxtlar 31 yaşlı idmançının karyerasını bitirməsi barədə söz-söhbətlər gəzir.
Məsələ ilə bağlı Fanat.Az-a danışan Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı Bakı-2015 I Avropa Oyunlarının qalibinin yarış meydanlarına nə vaxt dönəcəyinin məlum olmadığını bildirib:
"Rəsul karyerasını bitirmək niyyətində olduğunu bildirməyib. Ancaq bir neçə aydır ki, yığma komandanın məşqlərinə qatılmır. Bu da onun səhhətindəki problemlə bağlıdır. Özünün bildirdiyinə görə, güləşdən tam uzaq qalmayıb, fərdi şəkildə hazırlaşır".
Qeyd edək ki, R.Çunayevin qatıldığı son yarış ötən il 6-9 may aralığında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat turniri olub. 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həmin yarışın 1/4 finalında Ukraynanı təmsil edən əslən azərbaycanlı Pərviz Nəsibova uduzaraq Tokio-2020-yə lisenziya qazana bilməyib.