Şuşada V “Xarıbülbül” Festivalının açılışı olub, Prezident və birinci xanım iştirak edib - YENİLƏNİB

MƏDƏNİYYƏT
13:23 / 12.05.2022
2066

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub.

HİT.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.

X X X

Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər.

Qeyd edək ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.

1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib.

1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda keçirilib. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.

Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən “Xarıbülbül” festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərindəki İmarət kompleksində keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra ənənəvi “Xarıbülbül” festivalı yenidən Şuşa şəhərində təşkil edildi. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.

Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.

12.01

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayıb.

HİT.az xəbər verir ki, sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

Festivalın açılışı günü bir sıra şəxslər, qruplar, ansambllar çıxış edəcəklər:

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Əməkdar artistlər Babak Niftəliyev (xanandə), İlkin Əhmədov (xanəndə) Səbinə Ərəbli (xanandə)

Ankara Türk Dünyası Müzik ve Halk Dansları Topluluğu (Türkiyə)

Xalq artisti Polad Bülbüloğlu (bəstəkar və müğənni)

Bakı Xoreoqrafiyası Akademiyasının "Xarıbülbül" Ansamblı

"Cəngi" Estrada Folklor Rəqs Ansamblı

Əməkdar artist Şirzad Fətəliyevin (balaban) nəfəs alətləri qrupu

Şeyx Tidiane Sekin etno caz qrupu (Mali)

"Colors of Pakistan" qrupu (Pakistan)

Azərbaycan Dövlət Rəqs Ansamblı

"Yuma" dueti (Tunis)

"Melitassi" Folklor Rəqs Ansamblı (Gürcüstan)

Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (aşıq) və Əli Tapdıqoğlu (aşıq)

"Baxor" Rəqs Ansamblı (Özbəkistan)

Əməkdar artist Aybəniz Haşımova (mügənni) və "Bülbüllər" qrupu.

Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçirilir.

0