Aktrisa, Əməkdar artist Məlahət Abbasovanın ad günüdür.
Hit.Az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.
Məlahət Elman qızı Abbasova 18 may, 1969-cu ildə Bakı şəhərində anadan olub. Orta məktəb təhsilini başa vurandan sonra aktrisa İncəsənət Universitetinə qəbul olunub. Xalq artisti, rejissor Mehdi Məmmədovdan dərs alıb.
Mühafizəkar ailədə böyüsə də, Məlahət Abbasovanın aktrisa olmağına ailəsindən ciddi etiraz olmayıb. O, bu barədə müsahibələrinin birində deyir:
"Atam diktator idi. Çox hirslənəndə şilləsini yemişəm. Anam da çox sərt idi. O zamanın mentalitetində qız uşağının üzərində daha çox titrəyirdilər. Atamın mənim aktrisa olmağıma icazə verməsinə özüm də şok oldum. Atama deyəndə ki, İncəsənət Universitetinin aktyorluq fakültəsinə imtahana girmək istəyirəm, mənə mənfi nəsə demədi. Nə anam, nə də atam mənə qarşı çıxdı. Yəqin ki, mənə inamı var idi. Onun da özünə görə qanunları var idi. Açıq-saçıq, öpüşmə və s. tipli səhnələrin olmasını istəmirdi. Atam deyirdi ki, ön sırada olacam tamaşa zamanı, xoşuma gəlməyən nəsə olsa, səhnəyə çıxacağam. Belə qorxularım var idi. Heç bir maneəçilik görmədim. Atamın qısqanclıqları çox idi. Tamaşadan sonra atam həmişə gəlib məni evə aparırdı. Bir tamaşaçı 2 gün əlində çiçəklə məni gözləyirdi. Atam bunu 2 gün dalbadal gördü və əsəbiləşdi. Hətta atam çiçəyi əlimdən alıb oğlanın gördüyü formada yerə atdı. Oğlanı bir daha görmədim".
Aktrisanın səhnədəki debüt işi Mehdi Məmmədovun quruluşunda hazırladığı "Hamlet" tamaşasında Ofeliya rolu olub.
Bundan sonra aktrisa teatrda bir çox tamaşalarda iştirak edir. Məlahət Abbasovanın vizit kartı rejissor Gülcahan Güləhmədovanın 1987-ci ildə ekranlaşdırdığı "Sən həmişə mənimləsən" tamaşasındakı Nargilə obrazı olur. Aktrisa bu rola müəllimi Mehdi Məmmədovun məsləhəti ilə çəkilir.
İlyas Əfəndiyevin eyni adlı pyesi əsasında hazırlanan tamaşa ata qayğısından məhrum olan, atalığının təkidi ilə anası tərəfindən evdən çıxarılan Nargilənin zavod direktoru Həsənzadəyə olan "qarşılıqsız" məhəbbəti haqqındadır. Tamaşa ekranlara çıxandan sonra Məlahət Abbasova böyük populyarlıq qazanır. Küçədə, yolda hər kəs onu Nargilə deyə çağırmağa başlayır.
Tamaşa o qədər uğurlu alınır ki, insanlar orada baş verən hadisələri aktyorların həyatı ilə uyğunlaşdırmağa çalışırlar. Belə ki, tamaşada Məlahət xanıma vurulan Rəşad adlı qəhrəmanı canlandıran aktyor Əhməd Salahovla aktrisa arasında sevgi münasibətinin olması haqqında söhbətlər yayılır. Bu barədə Əhməd Salahov müsahibələrinin birində deyir:
"Məlahətlə 31 il əvvəl "Sən həmişə mənimləsən" televiziya tamaşasında çəkilmişəm. O illərdən sonra onu, demək olar ki, görməmişəm. Çünki, bildiyiniz kimi, Məlahət xanım Türkiyədə yaşayır və işləri ilə əlaqədar olaraq Bakıda az olur. Amma bu günlərdə biz görüşdük. O məni müəllifi və aparıcısı olduğu "Məlahətli söhbətlər" verilişinə dəvət etdi. Necə deyərlər, həsrət sona yetdi. Bizim çəkildiyimiz televiziya filmi o qədər uğurlu alınmışdı ki, hamı bizi sevgili bilirdi".
Ancaq yaradıcılığının ən məhsuldar vaxtında, aktrisa teatr heyəti ilə İstanbula qastrol səfərinə yollanır. Burada o, Türkiyə vətəndaşı, gələcək həyat yoldaşı olacaq İzzət bəylə ailə qurur. Bu evlilikdən onların Uğur adlı oğlu, Sudə adlı qızları dünyaya gəlir.
Əməkdar artist teatrla yanaşı, kinoda da müxtəlif rollar ifa edib. O, "İmtahan", "Sürəyya", "Fatimə", "Acılar bitməz", "Sübhün səfiri", "Mahmud və Məryəm" filmlərinə çəkilib.
Aktrisa zaman-zaman sənət dostları ilə mübahisələri ilə gündəmə gəlib. Onun adı Amaliya Pənahova, Röya, Xatirə İslam, Sərxan Kərəmoğlu ilə olan qalmaqallarla medianın diqqət mərkəzində olub. Onun ən kəskin mübahisəsi Sərxan Kərəmoğlu ilə baş verib.
Məlahət Abbasova Xalq artisti Röya Ayxanı yeni il günü rəqs etdiyi üçün tənqid etmişdi: "Onun nə əxlaqı nə də insanlığı var". Sərxan Kərəmoğlu isə bu mübahisədən sonra sosial media hesabında Məlahət Abbasova haqqında şok iddialar yazıb:
"Əxlaq dərsi? İnsanlıq dərsi? Kim deyir bunları? Məlahət? Sən Məlahət? 2009-cu ildə İstanbula köçdüm, orada mənim evimə gəlib evimi dağıtdın. Sənsən insanlıq dərsi keçən? "TRT AVAZ"da mənə iş təklifi gəlmişdi. Gedib orda müdirə əxlaqsız sözlər dedin ki, guya mən sənin haqqında belə-belə demişəm. Sənsən əxlaq dərsi keçən? Toyuna bir həftə qalmış dəvətnaməsi paylanan bəyi, nişanlını Bakıda qoyub İstanbula qastrola gedib orada qaldın və türkə ərə getdin, ailən isə oldu pərişan. Sənsən əxlaq dərsi keçən? Mənə gələn serial təklifini özünə çevirdin və çörəyimə 2-ci dəfə bais oldun. Sənsən insanlıq dərsi keçən? Bu nə zəmanədir? Kimdə nə yoxdursa onunla öyünür, hə? Məlahət Abbasova sənin, ümumiyyətlə, Azərbaycan Mədəniyyəti və İncəsənəti camiəsi haqqında danışmağa haqqın çatmır. Röya səhv edib, özü bilər qarışa bilmərəm, çünki xalq bilər, Röya bilər. Səni kim asqırdı bu söhbətin içinə?".
Aktrisa bir neçə il əvvəl uşaq evindən uşaq götürməsi ilə də gündəmə gəlib. Bu barədə açıqlama verən aktrisa deyir:
"Uzun müddətdir uşaq evində qalan kimsəsiz bir qıza könüllü analıq etmək istəyirdim. Bütün şərtlərə uyğun olmağım barədə xəbər aldım. Müraciət üçün sənədlərim hazırlanır. Övladlarımla danışdım, onlar da razıdırlar. Məncə, həyata bir uşaq qazandırmaq, onların yaralarını sarımaq, onlara dəstək olmaq ən böyük savabdır".
Azərbaycanlı aktrisa hazırda Türkiyədə yaşayır. 2016-cı ildə İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini seçilib. 18 dekabr 2014-cü ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar İncəsənət Xadimi" fəxri adı ilə təltif edilib.