Biləcəridən o tərəfə

MƏDƏNİYYƏT
12:19 / 24.05.2022
3156

Orxan Saffari

Azərbaycanda heç nə sənət üçün deyil. Azərbaycanda hər şey "xalturadı". Ölkədə hamımız "prius"uq, qoşulmuşuq "Bolta". Çox kiçik istisnaları çıxmaq şərti ilə elə tarixən də, indi də heç nəyi sənət naminə etməmişik. Dünyada bu proses elə bir hal alıb ki, insanlar zamanla başlarına gələn faciələri belə sənətə çeviriblər. İstər müharibəsi olsun, istərsə də qeyri nəsə. Fərqi yoxdu bu faciələrin miqyası nədi, necədi. Bir sözlə, hər şey sənətin xeyrinə olub, bunun da müsbət tərəfləri isə aydın məsələdir. Bizdə isə əksinə, sənət yaratmaq istəyiblər, çevrilib olur faciə. 

30 illik bir Qarabağ faciəmiz var idi, onun da üstündə elə oyunlar oynadılar ki, sənət də dedi, "dözə bilərsən həsrətə, çıxım gedim rusyetə" 

Ona görə çox kiçik istisnaları çıxmaq şərti ilə deyirəm ki, bizdə hər sahədə barmaq hesabı adam olar ki, özünü, ömrünü sənətə həsr eləsin, bunun qarşılığını görməsə belə, davam eləsin.
Bəli, burda məhz özünü qurban etməli, fədəkar olmalısan, başqa yolu yoxdur. 

Məsələn, elə Azərbaycanda yazıçı olmaq bunu bariz nümunəsidir. Dəridən-qabıqdan çıx, oxu, yaz, poz, sənət yarat, qarşılığı da aydın məsələdir. 

Ümumiyyətlə, Azərbaycanda sənətin dəyərini bilən də yoxdur. Çünki heç kim heç kimin, heç kimin də heç nə vecinə deyil, hərə öz həyatını yaşamağa çalışır. Sərhədləri bircə damcı oyana keçmək bəs edir ki, sənətinin, əziyyətinin qarşılığını görəsən. Lori dildə desək, Biləcəridən o tərəfə həyat var. 

İnsafən, Azərbaycandan çox böyük adamlar çıxıb. Hansı ki, bu adamların onda biri xaricdən çıxsaydı, nələr olardı, nələr. Dünya çarplı adamlardı, əksəriyyəti oldu hansısa qəsəbə çarplı. O adamlar bizdən çıxmağına çıxıb, yəni, burda doğulub, buralı olub, amma həm də çıxıb gedib. Özünü, dəyərini bilmək üçün gedib və elə görüb də. Ona görə günü bu gün də adamlar qaçmağa çalışır. İstedadlarını, bacarıqlarını, savadlarını da başqa ölkələrə, başqa adamlara təslim edirlər. Bax, belə düz də edirlər. 

Heç nə yox, mərhum böyük Lütfizadə gördüyü o boyda işlərdən sonra, o boyda böyüklükdən sonra sonda "fındıqbaş" ləqəbi ilə azərbaycanlılar tərəfindən yad edildi. İndi bu ölkədə hansı sənətdən danışasan? 

Kinolarda, bəzən real həyatda da görmüşük ki, sənətlə həm də daha çox imkanlı adamlar məşğul olar, sənətə ən çox dəyəri onlar verər. Məsələn, rəssamın əsərini, yazıçının kitabını alar, heykəltaraşın heykəlini, belə də, anladınız, hansının marağı nəyədirsə, onu əldə edər. Bizdə imkanlılar da əzib keçməklə məşğuldu. Harda qara-qura əməllər var, onların başının altından çıxır. Sizə deyim, heç bu ölkədə milyoner də olmaq mümkün deyil. Əgər milyonersənsə, deməli, bu ölkəlik deyilsən, burda olmamısan. Ki, bu başqa söhbətdir. 

Xatırlayırsınızsa, bir ara milyonlarla dəyəri olan mülk çıxmışdı ortaya, sahibi də "Bəxtiyar Dali" adlı bir şəxs. Adam milyonlarla dəyəri olan evi elə milyonlarla dəyəri olan sənət əsərləri ilə bəzəyib. Azərbaycanlılar bu evə baxdı, baxdı və qərara aldılar ki, "Bəxtiyar Dali" dəlidir. Hələ "Dali" sözünün elə dəli olduğunu deyənlər də oldu. Allah dəlilərinizə ağıl versin, mində bir imkanlı adam sənətsəl olmuşdu, onu da dəli elədiniz. 

Çoxlu nümunə gətirmək olar. Könül istərdi ki, bura ancaq sənət nümunələri gətirək, di gəl, olmayanda olmur.

0