Azərbaycanda bahalı obyektlər satışa çıxarılır - 9,1 milyon manat...

14:58 / 30.05.2022
1190

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclar həm investorlar, həm də sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün əlverişlidir. Hərraclara çıxarılan dövlət əmlakları müxtəlif çeşidli olmaqla sahibkarların seçim imkanını artırır.

AZƏRTAC xəbər verir ki, bu amili nəzərə alaraq iyun ayı ərzində hərraca çıxarılan qiymət və biznes qurmaq baxımından maraqlı olan obyektlər seçilib. Bundan başqa iyun ayı ərzində keçiriləcək hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb.

Hərracda sərfəli qiymətə əmlak sahibi olmaq mümkündür

İyun ayında hərraca çıxarılan əmlaklar sırasında sərfəli qiymətə obyektlərə rast gəldik. Bunlardan biri Yevlax rayonunda yerləşən 14 saylı yeməkxanadır. Rayonun Heydər Əliyev prospekti, 27A ünvanında yerləşən əmlakın ilkin start qiyməti 12 min manatdır. Yeməkxananın ümumi faydalı sahəsi 100 kvadratmetrə yaxındır. Adıçəkilən əmlak iyunun 21-də keçiriləcək hərraca çıxarılıb. Goranboy rayonu, Şəfikürd kəndində yerləşən “Qovlar tikiş fabrikinin Goranboy sahəsi” də qiymət və ərazi baxımından alıcıları cəlb edə biləcək əmlaklardandır. İlkin start qiyməti 20 min manata olan obyektin ümumi faydalı sahəsi 660 kvadratmetr, torpaq sahəsi isə 3008 kvadratmetrdir. Adıçəkilən əmlak iyunun 14-də keçiriləcək hərraca çıxarılıb.

İyun hərracının ən yüksək qiymətə satılan əmlakları

Hərracın ən bahalı əmlakı ilkin start qiyməti 9 milyon 100 min manata olan “Qubek Otel” istirahət zonasıdır. Əmlak turizm baxımından yüksək potensialı olan Balakən rayonunda yerləşir. Otelin ərazisi də genişdir. Ümumi faydalı sahəsi 9297,4 kvadratmetr, torpaq sahəsi isə 1,34 hektar təşkil edir. Adıçəkilən əmlak iyunun 14-də keçiriləcək hərraca çıxarılıb.

Paytaxtın rayonlarında da investorlar üçün daha çox gəlir gətirə biləcək əmlaklar özəlləşdirilməyə çıxarılıb. Suraxanı rayonunda yerləşən 42 saylı mağaza 400 min manata satılır. Rayonun Yeni Günəşli qəsəbəsi, AB massivi, 137 ünvanında yerləşən əmlakın ümumi faydalı sahəsi 1664,4 kvadratmetrdir. Hərraca qatılmaq üçün 40 min manat beh məbləği ödənilməlidir. Adıçəkilən əmlak iyunun 7-də keçiriləcək hərraca çıxarılıb.

Paytaxt ərazisində digər özəlləşdirilməyə çıxarılan əmlaklardan biri də “Mərdəkan” restoranıdır. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, bina 2M ünvanında yerləşən əmlakın ilkin satış qiyməti 300 min manatdır. Hərraca qatılmaq üçün 30 min manat beh məbləği ödənilməlidir. Adıçəkilən əmlak iyunun 14-də keçiriləcək hərraca çıxarılıb.

Yardımçı təsərrüfatlar

İyunda hərraca çıxarılan əmlaklar sırasında kənd təsərrüfatı sahəsinə aid olan yardımçı təsərrüfatlar da var. Bunlardan biri Xızı rayonunun Şurabad kəndində yerləşir. İlkin start qiyməti 102 min 500 manata olan əmlakın ümumi faydalı sahəsi 309 kvadratmetr, torpaq sahəsi isə 2,5 hektardır. Digər yardımçı təsərrüfat Saatlı rayonunun Heydərabad kəndində yerləşir. İlkin start qiyməti 47 min 500 manata olan əmlakın ümumi faydalı sahəsi 174 kvadratmetr, torpaq sahəsi isə 3,5 hektardır. Hər iki əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilir və iyunun 21-də keçiriləcək hərraca çıxarılıb.

İyun hərracına çıxarılan müxtəlif markalı nəqliyyat vasitələri

Ənənəvi bazarla yanaşı iştirakçılar hərrac qaydasında da nəqliyyat vasitələrinə sahib ola bilirlər. İyunda keçiriləcək hərraclara müxtəlif markalı 134 avtomobil çıxarılıb. Nəqliyyat vasitələri sırasında Rusiya, Avropa, Koreya istehsalı avtomobillər üstünlük təşkil edir. İstehsal tarixləri 1970-2013-cu illəri əhatə edir. Hərraca çıxarılan avtomobillərin ilkin start qiyməti 500 manatla 15 min manat arasında dəyişir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər. Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

İyunun 7, 14, 21 və 28-də keçiriləcək hərraclara çıxarılan əmlaklarla müvafiq olaraq bu linklərə ( //bit.ly/3PEa6Vm, //bit.ly/3yZ3Z86 ) daxil olub ətraflı tanış ola bilərsiniz.

0