Laçın Beynəlxalq Hava Limanının inşası ilə bağlı görülən işlər açıqlandı

İQTİSADİYYAT
15:56 / 02.06.2022
1310

Laçın Beynəlxalq Hava Limanında hazırda mobilizasiya işləri aparılır.

Bunu "Report"a "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.

Onun sözlərinə görə, hazırda ərazi təmizlənir: “Yaxın vaxtlarda ərazidə qazma işlərinə başlanılacaq: "Hava limanının 2024-cü ildə istifadəyə verilməsi gözlənilir".

Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 17-də qoyulub.

Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.

Hava limanları adətən düzən ərazidə inşa edilib. Laçında isə belə yerin olmadığı üçün hava limanının inşası üçün Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın 6 beynəlxalq hava limanı var. Onlar Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Zaqatala və Füzulidə yerləşir.

Füzuli hava limanının rəsmi açılışı 2021-ci il oktyabrın 26-da olub. Azad edilmiş ərazilərdə daha 2 hava limanı inşa edilir. Zəngilan Beynəlxalq Hava Limanının bu il sentyabrın 1-10-u arasında istismara təhvil verilməsi gözlənilir. Aeroportda işlərin artıq 60 %-i tamamlanıb.

0