Bakıda yeni salınan park genişləndirilir - Bu ünvandakı evlər söküləcək 

İQTİSADİYYAT
15:01 / 03.06.2022
1684

Yasamal rayonu Qədirli küçəsində mövcud evlərin aqibəti hələlik məlum deyil.

Bu barədə orada məskunlaşan vətəndaşlar BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər. Qeyd edilir ki, Qədirli küçəsində yerləşən evləri siyahıya alıblar.

Bildirilib ki, evlər söküləcək. Lakin söküntünün nə zaman reallaşacaqğı və evlərin əvəzinə sakinlərə kompensasiya verilib-verilməyəcəyi və digər məsələlər hələlik qaranlıq qalıb.

Məsələyə aydınlıq gətirmək üçün Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, həmin ərazidəki evlər plana uyğun olaraq söküləcək.

“Bizə verilən göstərişə əsasən orada yerləşən bütün fərdi yaşayış evlərini qeydiyyata almışıq. Orada yerləşən evlərin əksəriyyəti sənədsiz evlərdir. İndi hansı qərar veriləcək, bu barədə hələlik dəqiq məlumat verə bilmərik.

“Flame Towers” yanında yeni açılan parkın davamı salınacaq. Bir layihə kimi planda var. Lakin nə zaman icraata başlanılacaq, bu barədə hələlik dəqiq məlumat yoxdur”, - deyə bildirilib.

Sənədsiz evlərin aqibətinə gəlincə, artıq bütün ölçülər aparılıb:

“Qeydiyyatda sənədsiz və sənədli evlər öz əksini alıb. Təbii ki, istənilən halda sakinlər kompensasiya alacaqlar. Kompensasiyanın məbləğinə gəlincə, hələlik bu barədə dəqiq informasiya məlum deyil”.

“Alov qüllələri”nin yanında salınacaq parkın görüntülərini təqdim edirik:

0