Laçınlı günlərin sonu

ÖLKƏ
19:20 / 08.06.2022
1840

Orxan Saffari


"Ömürdən getdiyi günlər üçün sevinən ya dustaqdır, ya da əsgər. " 

Şükür, bu gen dünyada hələki məhbus deyiləm. Hələkini də ona görə deyirəm ki, heç kim zindandan sığortalanmayıb. Bəlkə də, bu balaca ömürdən 3-5 il o qazamata da ayırdıq. Amma indi kriminal söhbətlərdən, varanokda qazamata yollanmaqdan danışmaq lazım deyil. İndi mənim "Satkoda", "Uralda" çıxışa, briqadaya, tabora, posta, bir sözlə, təyin olunmuş xidmət yerlərinə gedən vaxtımdı. 

Məlumunuz üzrə, günlər elə əsgər günlərimdən gedir. 

Xidmətim "hara baxıram zirvəli dağ görsənir, mülkü həyat məndən uzaq görsənir" qafiyəsi sədaları altında keçməkdədir. Çünki sonlanmağa çatan xidmət vaxtımda dağ-dərədən, zirvədən başqa bir şey görmədim. Haşa, narazı deyiləm, əksinə, tam səmimi, çox sevinirəm. 

Laçın, Zəngəzur mahalı... 

İndiyə qədər Laçından bir xeyli yazı da yazdım. Gözəlliyindən, xidmətimdə baş verən, yazılmalı olan hadisələrdən, özümün keçirdiyim hisslərdən və.sairə və ilaxır. Çox yəqin, hələ indən belə də yazacam. Yazmaq, buradan yazmaq Laçının havası, özü kimi gözəldir. Əsgər bir az yalançı olur, pafosla danışır, amma siz Qarabağ, məni belə görməyin. Sağ olsunlar, heç komandir heyəti də məni əsgər kimi görməyib. Geriyə dönüb baxanda sadəcə, sevinirəm. Nə yaxşı ki, buralara gəldim, xidmətimi burda başa vurdum, Laçın əsgəri oldum. Əzabını gördüm, çətinliyini yaşadım, səfasını da müəyyən imkanlar çərçivəsində çəkdim. 

Laçında əsgərlik çəkmək mənim üçün həyatımda dönüş nöqtəsi oldu. Bunu elə indidən hiss edirəm. Nədirmi bu dönüş nöqtəsi? Onu yaşayıb görəcəyik, göstərəcəm. İndi burda danışmaq uzunçuluq olar. 

Hərdən əsgər yoldaşlarım narazılıq edəndə də ən sonda bunları demişəm; 

- Nə qədər çətin və əzablı olsa da, fəxr etməliyik ki, burda xidmət edirik, postda oluruq, illərin həsrətini yaşayırıq. Özü də, 30 illik bir işğaldan sonra. Əsgərik deyə adi görsənə bilər, amma içində bulunduğumuz bu durum tamamilə başqa bir şeydir" 

Kimlər son nəfəsində buranı görmək istəmədi ki? Hocaz yalında ilk dəfə qartalları görəndə dedim, Məhəbbət Kazımovun da son arzusu buranı görmək deyildimi? 

Mən Laçın üçün çox darıxacam. Hər şeyi üçün. Həkəri çayından ötrü, Rövşən Cavadovun evində siqaret çəkib yazı yazmaq üçün, Pircahan üçün, Ərdəşəvi, Hüsülü və.s kəndlər, yollar üçün. Qarış-qarış, ağac-ağac, dağ-dağ, dərə-dərə, batinkalarımın altında xışıldayan yarpaqlar, əzilən otlar üçün darıxacam. Sağlamlığıma ziyan vuran, donub patrul olduğum, tula kimi darıxdığım qarlı, şaxtalı gecələr üçün. İçdən içə o qədər zingildəmişəm ki.. 

Ən pis əsgər yoldaşımdan tutmuş, ən yaxşısına kimi. Ən pis anlardam tutmuş, ən yaxşı anlara kimi. Mənim üçün xatirə xatirədir. Pisi də, yaxşısı da. Çünki hər şey mən yaşamışam, mən hiss eləmişəm. Gedən mənim ömrümdən gedib... 

Hərdən özümə, indiki gün-güzəranıma baxıb deyirəm ki, gül kimi şəhər uşağıydın, bu qoca əsgər yaşında oldun kənd uşağı. Hələ siz tarqovidə, bulvarda səhərdən axşamadək özünü günə verən uşaqları görəsiniz burda. Hamısı odun doğruyur, posta çıxır. 

Vaxt azaldıqca əsgər daha çox darıxmağa başlayır. Sevdiklərim, doğmalarım, ədəbi dostlarım, bir sözlə, hər şey üçün darıxmışam. Gecə patrulda kaçikar çay gətirib verəndə deyirəm, ay Orxan, indi klubda qızla tekila içmək var idi, ya da delikatesdə uşaqlarla yaxşıca vurub şeir demək. 

Xidmətimin son ayları ermənilərlə üzbəüz, 15 metr məsafədə postda keçməyi isə bir ayrı aləmdir. Deyim ki, buna görə fəxr edib, sevinirəm də. Bəlkə də, əsgərliyimin ən maraqlı yeri buradır. Baş verən hər şeyi həm yazmaq istəmirəm, həm də hər şeyi yazmaq olmaz. Sağlıq olsun, əzizlərlə uzun-uzun söhbətləşərik. 

Açığı, yaxşı ki, hər şey müvəqqətidir. Yoxsa, gözləmək, əzab-əziyyət çox bezdirici olardı. 

Yavaş-yavaş hər şeyin, Laçınlı günlərin sonuna yaxınlaşıram. İndi gün sayan vaxtlarımdı. 

Bir sözlə, xarabanın dedi var, dembeli var.

0