Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev və onun ətrafındakı söz-söhbətlərin, qalmaqalların ardı-arası kəsilmir.
İndi isə bir neçə gün əvvələ qədər Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətovun jurnalistlər üçün tikilmiş binalardan iki mənzil alması barədə məlumatlar yayılıb.
Bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidməti nazirlikdə əməliyyat keçirən zaman İntiqam Hümbətov da məhz buna görə saxlanılaraq dindirilib və sonradan sərbəst buraxılıb.
İ.Hümbətovun jurnalistlərin binasından iki mənzil alması ilə bağlı məlumatlar yayılan vaxt onunla əlaqə saxlanılıb.
İ.Hümbətov ailə həyatı quran zaman nazir Əbülfəs Qarayev ona ev bağışlayıbmış.
İntiqam Hümbətov barəsində deyilən fikirlərə münasibət bildirmək istəməyib. O, jurnalistlərin binasından iki mənzil alması, nazirin ona mənzil bağışlaması haqda danışmaqdan imtina edib.
Ancaq məlumatı təkzib də etməyib.
Bundan başqa, İ.Hümbətov DTX tərəfindən saxlanılması və dindirilməsi haqda məlumatlara da münasibət bildirmək istəməyib.
Xatırladaq ki, Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu həbs ediliblər.
İttihama görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, nazirliyin vəzifəli şəxslərindən müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə məsuliyyətə cəlb ediliblər.
Bir neçə gün əvvəl isə Ə.Qarayev nazir vəzifəsindən azad edilib.