Xızıda 2 qızın öldüyü hadisənin detalları - FOTO/VİDEO

ÖLKƏ
15:35 / 16.06.2022
1723

Bakı-Quba yolunda 2 nəfərin ölümü, 4 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası haqda bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyunun 14-də saat 18 radələrində magistralın Xızı rayonunun Giləzi qəsəbəsindən keçən hissəsində A.Ağayevin idarə etdiyi “Mercedes ML” markalı avtomobilə çırpılan “Nissan March” markalı avtomobildəki xanımlar Quba sakinləri olub.

Belə ki, Bakı Dövlət Universitetinin (BDU) 1-ci kurs tələbəsi olan Əminə Əliyeva və rəfiqəsi, İqtisad Universitetinin (UNEC) 1-ci kurs tələbəsi Gülbəniz Qaçıyeva hadisədən əvvəl paytaxtda semestr imtahanında iştirak ediblər. Onlar daha sonra birlikdə Qubaya qayıtmaq qərarına gəliblər və bu zaman Əminə Əliyeva Sumqayıtda yaşayan bibisi qızı, 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadənin özünə məxsus “Nissan” markalı avtomobillə Qubaya gedəcəyini deyib və birgə getməyi təklif edib. Bundan sonra tələbə qızlar Əminənin bibisi qızının avtomobili ilə rayona yola düşüblər. Avtomobil Quba istiqamətində hərəkət edərkən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir edilən hissədə birtərəfli yolda qarşıdan gələn “Mercedes ML” ilə toqquşub.

Nəticədə sürücü Xalidə Xəlilzadə və arxa oturacaqda əyləşmiş sərnişin, 18 yaşlı Gülbəniz Qaçıyeva aldıqları xəsarətlərdən vəfat edib. Sürücünün dayısı qızı, ön sərnişin oturacağında əyləşmiş Əminə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatına risk olmadığını bildiriblər.

Qeyd edək ki, qəzada digər avtomobilin sürücüsü Azər Ağayev və 3 sərnişini də müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0