Azərbaycan və Venesuela prezidentlərinin videokonfrans formatında görüşü oldu - YENİLƏNİB

SİYASƏT
14:50 / 17.06.2022
1249

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.

Ann.az xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Görüşdə Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun regional səfər çərçivəsində Azərbaycana səfər etməsinin önəminə toxunulub və bu, siyasi münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirilib. Venesuela Prezidentinin bu səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Nikolas Maduro Azərbaycana üçüncü dəfə səfər etməsindən məmnunluğunu bildirib və Venesuelanın ölkəmizlə əlaqələrə böyük önəm verdiyini vurğulayıb. Qonaq ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinin zəruriliyini bildirib, çoxtərəfli səviyyədə, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində görülən işləri müsbət qiymətləndirib.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında ölkələrimizin birgə uğurlu fəaliyyət göstərdiyi qeyd edilib. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin bir il də uzadılması məsələsində Venesuelanın dəstəyi vurğulanıb. Azərbaycanın Qoşulmama Hərəkatının təməl prinsipləri olan Bandunq prinsiplərinə sadiq olduğu bildirilib.

Dövlət başçısı vurğulayıb ki, Venesuela hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Prezident İlham Əliyev qeyd edib ki, münaqişə öz həllini tapıb, Azərbaycan ədaləti, beynəlxalq hüququ, ərazi bütövlüyünü özü bərpa edib. Dövlət başçısı onu da bildirib ki, ölkələrimiz hər zaman bir-birinin suverenliyini və müstəqilliyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Söhbət zamanı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi və biznes dairələri arasında birgə işbirliyinin zəruriliyi qeyd olunub. Bu baxımdan birgə investisiya layihələri, müştərək müəssisələrin yaradılması kimi məsələlərin müzakirəsinin böyük önəm daşıdığı bildirilib.

Görüşdə OPEC+ formatı çərçivəsində də ölkələrimizin uğurlu fəaliyyəti vurğulanıb.

Dövlət başçıları ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

14.19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.

HİT.az xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

0