Əfqanıstanda dəhşətli zəlzələ: Ölənlərin sayı 1000-i ötdü - YENİLƏNİB

14:17 / 22.06.2022
869

Əfqanıstanın Paktika və Xost əyalətlərində baş vermiş zəlzələ qurbanlarının sayı azı 1000 nəfərə, yaralıların sayı isə 1500 nəfərə çatıb. 

HİT.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Talibanın Fəlakətlərin İdarə Edilməsi üzrə Dövlət Nazirliyi məlumat yayıb.

Taliban rəsmiləri bunun ilkin rəqəmlər olduğunu və itkilərin artması ehtimalının olduğunu bildirir.

Bu arada Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid "Twitter" hesabında Paktika və Xost əyalətlərində zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Talibanın baş naziri Məhəmməd Həsən Axundun sədrliyi ilə Nazirlər Kabinetinin fövqəladə iclasının keçirildiyini yazıb.

Taliban qruplaşmasının lideri Maulvi Heybatullah Axundzadə Əfqanıstan xalqına başsağlığı mesajı verib. O, Taliban rəsmiləri və beynəlxalq təşkilatların Xost və Paktika əyalətlərində baş verən zəlzələdən zərər çəkənlərə təcili yardım göstərməsini istəyib.

"Əl-Cəzirə Qətər"in verdiyi məlumata görə, zəlzələ o qədər güclü olub ki, Pakistanın İslamabad və Pişəvər şəhərlərində, həmçinin Əfqanıstanın paytaxtı Kabildə və İranın şərqindəki sərhəd bölgələrində hiss edilib.

ABŞ Geoloji Xidməti bildirib ki, zəlzələ çərşənbə səhəri Əfqanıstanın paytaxtı Kabilin cənubundakı Xost yaxınlığında qeydə alınıb.

09.42

Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

HİT.az xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.

Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.

Eyni zamanda, “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın "The Washington Post" qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.

0