Onlar öz həyatlarına qəsd etməyə can atır, qayda-qanunlara, əxlaqa, dinə qarşı etiraz səslərini ucaldır, ədəbi mühit tərəfindən tanınmadıqları üçün əzab çəkməklə, mənəvi böhrandan xilas olmaq yollarını mütləq gözəllikdə, hətta çirkinlikdə və eybəcərlikdə axtarırdılar. XIX əsrin sonuncu onilliyinin nümayəndələri, eyni zamanda Bodlerin varisləri və davamçıları olan bu qələm sahibləri dünya ədəbiyyatı tarixinə “Lənətlənmiş şairlər” adı ilə daxil olublar.
Əslində isə, onları heç kim lənətləməyib. “Lənətlənmiş şairlər” nə poetik məktəbin, nə yaradıcılıq birliyinin, nə də ədəbi dövrün adı deyil. Bu, sadəcə fransız şairi Pol Verlenin müasirləri haqqında yazdığı oçerklər silsiləsinin adıdır. İlk əvvəllər silsilədə Tristan Korbyer, Artur Rembo və Stefan Mallarme haqqında yazılmış üç məqalə yer alıb. Bir müddət sonra – 1888-ci ildə kitab yenidən nəşr olunub və bu dəfə ona Marselinye Debord-Valmor, Vilye de Lil-Adamye və həmçinin Verlenin özü haqqında yazdığı oçerklər daxil edilib. Müəllif özünü isə Əzabkeş Lilian (Pauvre Lelian) imzası ilə təqdim edib. Çox keçmədən, Şarl Kro, Moris Rollin, Jan Rişprn, Jül Laforq və Jermen Nuvo kimi 1870-1890-cı illərdə yazıb-yaratmış fransız müəllifləri də “lənətlənmiş şairlər” siyahısına əlavə olunublar.
Lənətlənmiş şairlərin yaradıcılığı XIX əsrin üçüncü onilliyinə – dekadans dövrünə təsadüf edir. Dekadans ədəbi məktəb olmayıb, Avropa mədəniyyətinin XIX əsrin sonlarında – XX əsrin əvvəllərində böhran keçirdiyi dövrü özündə birləşdirir. Dekadans sözü fransız dilindən tərcümədə düşkünlük, tənəzzül, geriləmə mənasını verir. Jül Laforq istisna olunmaqla, bütün digər lənətlənmiş şairlər dekadentlərin dərnəklərindən uzaq durublar.
Pol Verlen
Özünə və həmkarlarına “lənətlənmiş şairlər” damğası vuran Pol Verlen özünü “iztirablı tərənnümçü və günahkar əzabkeş” kimi görürdü. Məhz qələmə aldığı məşhur silsilə oçerklərində də o özünü “Əzabkeş Lilian” təxəllüsü ilə təqdim etmişdi. “Lənətlənmiş şairlər”in arasında Verlen yaşca hamıdan böyük və hamıdan istedadlı idi. Onun bütün yaradıcılıq irsini sentimental gündəliklə müqayisə etmək mümkündür. Hər kitabdan kitaba şair özünün incə qəlbinin məşəqqətlərini, dincliklə hissləri arasındakı çırpıntıları, intəhasız günahlarla paklığın təşnəsini tərənnüm edir. Pol Verlen bütün həyatı boyu çirkə, kirə bulaşmış təbiəti ilə mübarizə aparıb. Şair mömin, əməlisaleh həyat tərzi ilə xoşbəxt yaşaya bilmir, burjua ədəb-ərkanı, tərbiyəsi ona yad olan xüsusiyyətdir, burjua cəmiyyətinin ideyalarını heç cür anlamaq istəmir. O, eləcə də xəcalətdən alışıb-yanır, cəmiyyətin alt qatına çəkilərək, məşuqəsinə çevrilmiş kiçik dostu Rembo ilə vaxtının çoxunu meyxanalarda, fahişəxanalarda keçirir. Daim qəlbinin dərinliklərində yuva salan münaqişə isə sonradan Verlenin Rembonu güllələməsi, arvadını döyməsi və anasını küçəyə atması ilə nəticələnir. İradəsinin zəifliyi ucbatından törətdikləri əməllər şairin başına bəla olur, məhz elə bütün bu hadisələr onun yaradıcılığının əsas mövzusuna, ilham mənbəyinə çevrilir. “Mən tənəzzül dövrü yaşayan Roma dünyasıyam”, – deyən şairin poeziyası da bütün ömrü boyu onu qarabaqara izləyən mənəvi pozğunluq və dilxorçuluq motivlərini əks etdirir. Çaş-baş qalan, az qala ağlını itirən Varlen onun taleyinə yük olmuş sərxoşluq, avaraçılıq, zinakarlıq kimi xüsusiyyətlər barəsində bütün var-gücü ilə aləmə car çəkir.
Onu da qeyd etmək lazımdır ki, Verlen Fransanın ən nəğməli şairlərindəndir. Onun poeziyası o qədər melodikdir ki, şeiri oxuyarkən əsərin semantik məzmunu çox vaxt arxa plana keçir.
Pol Verlen nə rəsm çəkir, nə də söhbət edir. Onun poeziyası hər şeydən öncə mazlı, nöqtələr şəklində naxışları, eskizi xatırlatmaqla oxucuda lazımi əhval-ruhiyyə doğura bilir. Şairin ən yaxşı iki kitabı – “Sözsüz nəğmələr” və “Müdriklik” bir-birindən beş-altı il fərqlə işıq üzü görüb.
Artur Rembo
Sərsəri və avara, yeniyetmə şair olan Artur Rembo həyatının cəmi 4-5 ilini bədii yaradıcılığa həsr edib. Elə bu qısa müddət də Şarlevil şəhərində doğulmuş inadkar və dəcəl gəncin növbəti yüzilliyin bütün inqilabi avanqardçıların əfsanəvi xəbərçisi kimi dünya ədəbiyyatı tarixinə düşməsinə kifayət edib. Rembo bir çox xüsusiyyətləri ilə Bodlerə bənzəyir, o, bütövdür, odlu-alovludur, cəsarətlidir. Bodler kimi gənc Rembo da burjua dünyasının vulqarlığına nifrət hissi bəsləyib. Amma Bodlerin bir çox ardıcıllarından fərqli olaraq Rembo reallığın natamamlığın aşkara çıxarılması ilə kifayətlənməyərək, onun yanında olmayan və əldə edilməsi çox vacib sayılan başqa reallığı axtarmağa səy göstərir. Əvvəl-axır bu reallığı öz yaradıcılığında tapa bilməyən Artur Rembo fransız poeziyasının əsrlərcə qurulmuş sütunlarının, bəlkə də, ən məğrur qəsdinə çevrilir. Şair kimi Rembo özünü 16 yaşında ikən tanıtdıra bilib. Həmin vaxt onun ilk qələm təcrübələri mətbuat səhifələrində işıq üzü görüb. Daha sonra onun həyatı Fransanın şimalında və Belçikanın cənubunda səfərlərdə keçir. Parisdə Rembo Verlenin, Şarl Kronun, Teodor Banvilin yanında yaşayır. Daha sonra Verlenlə Avropanı gəzib dolaşır. 19 yaşında ikən Rempo Verlenlə dalaşır, nəticədə Verlen güllə ilə onu biləyindən yaralayır. Bu hadisədən sonra Artur Rembo anasının yanına qayıdır. Burada o, müəllim, əsgər, ticarətçi və dənizçi kimi fəaliyyət göstərir. Amma bir daha poeziya ilə məşğul olmur.
Artur Rembonun bütün yaradıcılığına narahatlıq, ümidsizlik hopmuşdur. Şair meşşan burjua dünyasında özünü yad hiss edir, ona görə də bu həyata meydan oxuyur. İlk əvvəllər o, Verleni, Hüqonu, Bodleri təqlid etməyə çalışır. Tez də poeziyada öz yolunu taparaq, özünəməxsus tapıntıları ilə diqqəti cəlb edir. Artur Rembonun ən yaxşı şeri “Sərxoş gəmi” adlanır. Lirik bənzətmələri ilə könül oxşayan şeirdə heyəti olmayan, yelkəni cırılmış, sükanı sınmış gəminin möcüzələr aşıb, qorxulu məqamları dəf etməsindən söz açılır. Şeir müxtəlif məzmunlu şərhlər üçün açıqdır. On yeddi yaşlı şair müşahidə qabiliyyəti, metaforalardan sənətkarcasına gen-bol istifadə etməsi ilə ən yetkin müəllif səviyyəsinə qalxa bilmişdir.
Şarl Kro
Coşqun və iztirablı Şarl Kro cəmi iki şeir kitabının müəllifidir. Sağlığında Kro fonoqraf ixtiraçısı və səs dalğalarının tədqiqatçısı kimi tanınıb. Onun bədii yaradıcılığı isə müasirləri tərəfindən qeyri-ciddi qəbul olunub. Bununla belə, Şarl Kronun iki kitabda toplanmış şeirləri onun heç də həvəskar şair olmadığını sübuta yetirir. Lirik şeirlərində Kronun müşahidə qabiliyyəti, ironiyası, incə gülüşü üzə çıxır. Hətta kövrək müdafiə amansız reallığın təsiri altına düşəndə belə şair göz yaşı axıtmaqdan özünü saxlamağı bacarır, çünki o, təmkinlidir, istənilən mürəkkəb vəziyyətdən baş çıxara bilir. Ağrılı etiraf motivlərini sadə mahnılar şəklində təqdim edən Kro sevgisinin hicranını, həsrətini sözaltı mənalarla, zərif işarələr arxasında gizlətməklə ifadə edir. Bu isə bütün “lənətlənmiş şairlər”in xarakterik xüsusiyyətləridir. Şarl Kronun faciəli ləyaqəti və şərəfi onun əsərlərinin məna və üslub müxtəlifliyini açıb göstərir.
Tristan Korbyer
Tristan Korbyerin poeziyası rəhmsiz parodiyadan, söz oyunundan, kafir namazından, kobud və birbaşa sadəlikdən, habelə acıdil sarkazmdan yoğrulmuş partlayıcı maddəyə bənzəyir. Gülümsər ölüm, göz yaşları və gülüş, ağrı ilə incəlik, ümidsizlik və istehza şairin əsərlərinin ana xəttini təşkil edir. Bu əsərlərin qəhrəmanları daim təlaş içində olub, faciəli həyat yaşayırlar. Digər “lənətlənmiş” həmkarları kimi Korbyer də özünü bu dünyada yad, kimsəsiz, cəmiyyətdən kənar hiss edərək, burjua dünyasının özünəməxsus qanunları ilə barışa bilmir. Elə buna görə də şair mövcud reallığa nifrət hissini əsla gizlətmir, əksinə, müşahidə etdiklərini, əsl həqiqəti çılpaqlığına qədər oxucuya çatdırmağa çalışır. Korbyer yalnız sözlə deyil, həmçinin şeirin klassik qayda-qanunları ilə də istədiyi kimi davranır, ritmi, vəzni, sintaksisi və s. vasitələri eksperimentdən keçirir.
Jül Laforq
Jül Laforq “lənətlənmiş şairlər”dən yeganə şəxsdir ki, dekadentlərlə yaxın olub. Onun poeziyasının ana xəttini ümidsiz və əzabverici kədər motivləri təşkil edir. Şairin qənaətincə, sevinməyə hər hansı səbəb yoxdur, çünki istənilən təşəbbüs uğursuzluğa məhkumdur. Laforq hesab edir ki, belə vəziyyətlərdə hər şeyi etmək, öz zəhlətökən acizliyini lağa qoymaq, onu təlxək irişməsi ilə gizlətməyə cəhd göstərmək mümkündür. Kədərli şair-təlxəyin maska-avtoportreti də məhz bunlardan yoğrulub. Sağlığında ikən iki şeirlər kitabının müəllifi olan Laforqun ölümündən sonra daha bir kitabı çapdan çıxıb.
Həyatında çoxlu məyusluqlarla rastlaşan şair poeziyada yeni forma və məzmun axtarmaqdan qorxmur, əksinə, bu sahədə ən cəsarətli eksperimentatorlardan birinə çevrilir. 27 yaşında vərəm xəstəliyindən dünyasını dəyişən məhz bu kədərli təlxək ilk fransız şairi olaraq ciddi surətdə fransız ədəbiyyatında sərbəst şeirin inkişafına xidmət edib. Jül Laforq həmçinin Amerikada sərbəst şeirin banisi sayılan Uolt Uitmenin əsərlərinin tərcüməsi ilə də məşğul olub.
Pol Verlen “lənətlənmiş şairlər” formulunu fikirləşərkən Laforqun dekadentdə iştirakını tanımayıb. Onun səhvi sonradan sələfləri tərəfindən düzəldilib.
Stefan Mallarme
Stefan Mallarme əvvəlcə parnaslara (Parnas – şeir, şairlər aləmi mənasında işlənir – A.B.) yaxın olub, sonralar isə simvolizm cərəyanının liderlərindən birinə çevrilib. Şair sənətin incəliklərini parnaslardan əxz edib və parnas Banvili özünün müəllimi kimi dəyərləndirib. Digər “lənətlənmiş şairlər” kimi dünyanın qavrayışına görə Mallarme Bodlerə borcludur. Amma bununla belə, tövbəkar Verlen, yaxud coşqun üsyançı Rembo ilə müqayisədə Mallarme nə ifşaçıdır, nə də inqilabçı. O, dözümlüdür, vasvası seyrçidir, nəsnələrin dəyişməz kökünü axtarmaqla sözləri seçib oxucuya göstərir. Şair mükəmməlliyə çatmaqdan ötrü hərfləri bir-bir nizamlayır. Mallarme Fransa ab-havasındakı düşkünlük və narazılıq əhval-ruhiyyəsini, üzgün həsrəti və baş vermiş hadisələrdə iştirakçı olmağın inkarını, naməlum, lakin indiyə aid olan nəyinsə axtarışının təşnəsini öz poeziyasında büllurlaşdırıb. Şair öz dövrünün fransız poeziyasının tərəddüdlərini anlamağa səy göstərərək, bunun nəticələrinin necə olacağını anlamağa çalışıb. Stefan Mallarme öz işinə olduqca diqqətlə yanaşıb, baxmayaraq ki, bütün ömrünü bədii yaradıcılığa sərf edib, son nəticədə cəmi bir kiçik kitabçanın (“Şeirlər və nəsr”, 1893) müəllifi kimi ədəbiyyat tarixində qalıb. Bununla belə, Mallarmenin fransız poeziyasının inkişafında özünəməxsus rolu vardır. Şair Fransa lirik şeirinə öz heca vəznini gətirib, sonrakı şairlər onun yaradıcılıq dəst-xəttindən bəhrələniblər. Mallarmenin mütləq ideallara doğru cəhdləri isə gələcək nəsillər tərəfindən davam etdirilib.