Ermənistan “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başlayır

ÖLKƏ
09:51 / 13.07.2022
776

“Laçın dəhlizi”nə alternativ yolun Ermənistan hissəsinin tikintisi üçün avqust ayında tender elan olunacaq.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında deyilir.

Qeyd olunur ki, tenderdə qalib gələn şirkət alternativ yolun Ermənistan ərazisinə düşən 8 kilometrlik hissəsinin tikintisini öz üzərinə götürəcək.

“Bəzi məlumatlara görə, Azərbaycan tərəfi yolun Ermənistan hissəsini də öz vəsaiti ilə tikməyi təklif edib, amma baş nazir Paşinyan ictimaiyyətin münasibətindən ehtiyatlanaraq bundan imtina edib”, - deyə qəzetin iddiasında bildirilir.

Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış 10 noyabtr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, 3 il ərzində “Laçın dəhlizi”nə alternativ yol çəkilməlidir. Azərbaycan tərəfi artıq Laçın şəhərindən yan keçən 32 km-lik yolun tikintisini başa çatdırır, Ermənistan tərəfi isə işlərə hələ başlamayıb.

Xatırladaq ki, Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda Rusiya hərbçilərinin nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq.

Söhbət "Laçın dəhlizi" adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi - Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir. 

Həmin yayaşış məntəqələrindən 3-də hazırda ermənilər yaşayır - bunlar Laçın şəhəri, Zabux və Sus kəndləridir.

Qarabağdakı separatçıları bildirirlər ki, "Laçın dəhlizi" Azərbaycanın nəzarətinə keçəndən sonra Zabux və Sus kəndlərindəki ermənilər Şuşanın “Hin Şen” adlandırdıqları Kiçik Qaladərəsi və “Mets Şen” adı verdikləri Böyük Qaladərəsi kəndlərinə köçürüləcək.

Ermənistanın Gorus şəhəri ilə Xankəndini birləşdirəcək və Laçın şəhərinən yan keçəcək 32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək. 

1