“Bu, hələ son deyil” – Ekspert növbəti bahalaşmanın anonsunu verdi

İQTİSADİYYAT
11:21 / 25.08.2022
1257

“Qiymət artımı və ümumiyyətlə inflyasiya amili zəncirvari və çoxşaxəli xarakter daşıyır”.

Bunu Sfera.az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov son günlər müşahidə olunan bahalaşma ilə bağlı danışarkən deyib. Müsahibimiz qeyd edib ki,  real bahalaşma hələ keçən ilin əvvəlindən başlayıb:

“Sadəcə olaraq, bu özünü bizdə keçən il cari ildəki kimi büruzə vermədi. Ancaq təbii ki, proses getdikcə üzə çıxmalı idi. Bu ilin əvvəlindən çörək, un və digər un məhsulları bahalaşdı. Halbuki, keçən il hökumət tərəfindən nə qədər güzəşt və subsidiya xarakterli tədbirlər görülmüş və addımlar atılmışdı. Budur, proqnoz edildiyi kimi ilin ikinci yarısında bir daha bahalaşma baş verdi. Belə görünür ki, bu, hələ son deyil. Hələ yaxşı ki, Azərbaycan hökuməti bazarı nisbətən nəzarətdə saxlaya bilir. Qlobal bazarlarda qiymət artımı və inflyasya prosesləri daha sürətli xarakter daşıyır. Çünki enerjidaşıyıcıları bir ara çox yüksək idi”.

Ekspert hazırda nisbətən sabitləşmənin diqqətə çarpdığını vurğulayıb:

“Hələ yaxşı ki, biz enerjidaşıyacıları idxalçısı deyil, ixracçısıyıq. Bizi ən çox istehlak inflyasiyası vurur. Ümumən inflyasiya səviyyəsi 13 faiz olsa da, ərzaq məhsulları üzrə qiymət artımı 20 faiz ətrafında təşkil edir.Unun, çörəyin və digər un məhsullarının bahalaşması digər malllara da təsir edir. Necə ki, yanacaq məhsulları bahalaşanda hər şeyin qiyməti qalxdığı kimi, çörək və digər un məhsullarının da qiyməti artanda, bu təbii ki, bütün qida mallarına təsir göstərməlidir və göstərir də”.

3