Vardanyanın Qarabağa gəlişinin sirri: qlobal şəbəkənin planı nədir?

SİYASƏT
09:32 / 06.09.2022
2357

Erməni milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçməsi Azərbaycana qarşı növbəti təxribatdır, hərçənd, bu təxribatın arxasında təkcə Rubenin iddia etdiyi kimi “ermənilərə dəstək”, yaxud erməni biznesmenin rus torpaqlarından qaçışı yox, həm də “osminoqa” bənzər çoxşaxəli planlar da yatır.

Və bu planda 4 maraqlı tərəfin olduğunu deyə bilərik:

- Ruben Vardanın öz maraqları;
- Erməni diasporu/lobbisi;
- Qərb ölkələrində maraqlı dairələr;
- Bölgədə sülhməramlı adı altında təmsil olunan Rusiya;

Erməni milyarderin adının hallandığı maxinasiyalar fonunda onun bu gəlişini anlamaq mümkündür.

“Xeyriyyəçi” kimi sırınan Vardanyan əslində “çirkli pulların” yuyulması şəbəkəsinin əsas üzvlərindədir və Rusiya-Qərb xəttində hər iki tərəfindəki maraqlı qrupların işini həyata keçirməklə məşğuldur. 2019-cu ildə “Azadlıq radiosu”nun OCCRP-ə (Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi) istinadən yayımladığı “Troyka camaşırxanası: Ruben vardanyan yeni simada” sərlövhəli məqaləsində erməni milyarderin gerçək simasını ifşa edir.

- Vardanyanın həmtəsisçisi və rəhbərlik etdiyi investisiya bankı 2006-cı ildən başlayaraq, milyardlarla dollar vəsaiti “yuyub”: erməni milyarder vergidən yayınır, aktivlərini gizlədir, beynəlxalq nəzarət orqanlarını aldadır;
- Vardanyan əvvəl sahibi olduğu “Troyka dialoq” investisiya şirkəti vasitəsilə 8,89 milyard dollarlıq çirkli pulun yuyulmasını həyata keçirib;
- Vardanyan “Qərbdə Rusiya kapitalizminin dost nümayəndəsi” olaraq tanınır: rəhbərlik etdiyi “Avrora Humanitar Təşəbbüs” qrupu ilə humanitar yardımlar edir, Ermənistanda monastrların bərpasına maliyyə yardımı ayırır, məşhur Hollivud ulduzu Corc Kulini kimi şəxslərlə yaxınlığı var və s;

İşğal dövründə Yaxın Şərqdən, xüsusilə Livan və Suriyadan ermənilərin Qarabağa köçürülməsi, burada məskunlaşdırılması işini də həyata keçirən Vardanyanın “messenantlığı” əslində qaranlıq biznes şəbəkəsini təmizə çıxarmaq məqsədi daşıyır. Bu kontekstdə onun Qarabağa gəlişinin “erməni əhalisinə kömək məqsədi daşıyır” açıqlaması da yalandır.

Vardanyanın gəlişinin əsas məqsədi Qərb sanksiyalarından yayınmaq, “çirkli pulların yuyulması” mexanizmini buraqdan davam etdirməkdir. Ukrayna müharibəsindən sonra Rusiya oliqarxlara da sanksiyaların tətbiq edilməsi onların işini çətinləşdirib. Bunun fonunda Rusiya vətəndaşlığından imtina edən Ruben Qarabağa gəlməklə iki məqsədə nail olmaq istəyir:

Birincisi, sanksiyalar altına düşməməkdir: mümkündür ki, Ruben Qərb-Rusiya qarşıdurmasının gedişatında əvvəl törətdiyi maxinasiyaların üzə çıxacağı və adının “qara siyahıya” salınacağını anlayır və buna qarşı qabaqlayıcı addım ataraq, həm Rusiya vətəndaşlığından imtina edir;

İkincisi, Qarabağa köçərək, qondarma “arsax”a dəstək verməklə erməni diasporu/lobbisinin dəstəyini əldə etmək, mümkün riskləri onların vasitəsilə önləmək, “çirkli pul yuma” mexanizmini davam etdirmək istəyir;

Onun qondarma “artsax təhlükəsizlik və inkişaf fondu” adlı təşkilat yaratması da buna hesablanıb.

Bu planda erməni diasporu/lobbisi də maraqlı tərəfdir. Müharibədən sonra Qarabağda separatçı-terrorçu rejim hələ də qalsa da, proseslər – Bakının bölgəyə nəzarət istiqamətində addım-addım irəliləməsi, Ermənistanın Qarabağ iddiasından geri çəkilməyə məcbur olması, həm Rusiya, həm Qərb masasında Azərbaycanın gündəliyinin qəbul edilməsi və gözlənilən sülh sazişinin Qarabağ məsələsinə də tamamilə son qoyacağı perspektivi dünya erməniliyi üçün ideoloji zərbəni qaçılmaz edəcək. Buna qarşı qondarma “arsax”ın mövcudluğunu saxlamağa çalışırlar və hazırda əsas problem separatçı-rejimin maliyyəsini təmin etməkdir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgəyə Qərb ölkələrindən “erməni maliyyəsini” göndərmək çətindir, bu baxımdan, erməni diasporu/lobbisinə yaxın olan erməni əsilli Rusiya milyarderi Vardanyan ən unikal seçim hesab oluna bilər.

Vardanyanın separatçı rejimdə hansısa formada təmsilçiliyinin təşkil ediləcəyi, qondarma “nazirlərdən” biri olacağı da istisna deyil. Məqsəd separatçı rejimin adından Qərb ölkələrində danışıqlar aparmaq, əlaqələr qurmaqdır. Erməni mediasında Vardanyanın qondarma “dövlət naziri” postuna gətiriləcəyi haqda məlumatlar yayılıb. Bu postda olan Artak Beqlaryan separatçı-terrorçu rejimin Qərbdəki danışıqlarını həyata keçirir, bu baxımdan, onun Vardanyanla əvəzlənməsi və bu missiyanın erməni milyarderin həyata keçirməsi gözləniləndir.

Və hadisələrin bu istiqamətdə mümkün istiqaməti də səbəbsiz deyil:

Birincisi, Rusiya vətəndaşlığından imtina edən Vardanyan separatçı rejimin “təmsilçisi” kimi Qərb ölkələrini “sərbəst” gəzmək imkanı qazanacaq;

İkincisi, bu “missiya” “çirkli pulların yuyulması” mexanizmini həyata keçirə bilməsi üçün ona legitimlik verəcək;

Bu məqamlar Vardanyanın Qarabağa köçməsində erməni diasporu/lobbisi ilə yanaşı, bu şəbəkənin mövcud olduğu ölkələrin, yaxud bu ölkələrdəki müəyyən dairələrin də maraqlı olduğunu deməyə əsas verir. Qərb ölkələri bununla qondarma “status” siyasətini davam etdirməyin yeni yollarını tapmağa, bu ölkələrdəki maraqlı dairələr isə Vardanyan üzərindən “Troyka camaşırxanası”nı saxlamağa çalışır. Görünür, “çirkli pulların yuyulması”nda Qərbdəki dairələrin də payı var, “troyka camaşırxanası” haqda faktların yayılmasına, o cümlədən, Ukrayna müharibəsindən sonra rusiyalı milyarderlərə sanksiyaların tətbiq edilməsinə baxmayaraq, Vardanyanın kənarda qalması, “gizli əllər” tərəfindən qorunması da bu fikri önə plana çıxarır.

Sülhməramlıları Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya Vardanyanın qanunsuz gəlişinə niyə şərait yaratması da açıq qalan suallardandır. Qərblə qarşıdurma fonunda Qərbə yaxın olan, Rusiya vətəndaşlığından imtina edən erməni milyarderə şərait yaradılmasında Moskva maraqlı olmamalı idi, lakin Ruben hazırda məhz rusların köməyi ilə Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətini qurur.

Moskvanın burada iki hədəfi aydın görünür:

Birincisi, Qarabağdakı ermənilərin maliyyə ilə təmin edilməsi erməni milyarder Rubenin üzərinə qoyulur: digər erməni biznesmenləri də bölgəyə çağıran Vardanyan əlavə maliyyəni də gətirə biləcək;

İkincisi və ən əsası Vardanyanın “troyka camaşırxanası” Rusiya oliqarxlarına da xidmət edəcəyidir: erməni diasporu/lobbisi ilə əlaqələrə malik olan Ruben Rusiyaya qarşı sanksiyaların dəlinməsini və rusların da pullarının “təmizləməsini” həyata keçirə bilər;

Bütün bunlar Qarabağı “çirkli pulların yuyulması” məqsədilə istifadə edilən “boz zonaya” çevirmək planının olduğunu deməyə əsas verir.

Asif Nərimanlı

1