Tarkan qarşısında diz çökdü, Alim Qasımov xətrinə dəydi... - MÜSAHİBƏ

MƏDƏNİYYƏT
09:49 / 06.09.2022
5955

Xanım tarzənimiz Humay Qədimovanın müsahibəsini təqdim edirik:

- Humay xanım, yamanca dəyişmisiniz,  izləyiciləriniz iddia edirlər ki, plastik əməliyyatlar keçirmisiniz. Məncə, efirdəkindən canlı həyatda daha şirin görünürsünüz...
- Heç bir plastik əməliyyatım olmayıb. Hətta burnumda problem var, sağlamlıq xətrinə əməliyyat olmalıyam, onu belə etdirməyə qorxuram. Sadəcə pandemiyadan sonra kilo aldım. Çəkim heç bir zaman 45 kilodan çox olmurdu. Görünür, efir şirinliyimi alır (gülür).

- Xanımlar adətən piano, kanon, skripkanı seçirlər, siz niyə tarı seçdiniz? 
- Məni də anam piano sinfinə qoymuşdu. Qardaşım tar sinfinə gedirdi. Piano dərslərində adətən klassik Avropa musiqiləri öyrədilir. Qardaşım evdə məşq edəndə milli musiqilər çalırdı, bunu çox sevirdim. Tara maraq yarandı, istəyirdim tarı öyrənəm, qardaşım vermirdi, deyirdi qırarsan. Başladım qardaşım evdə olmayanda hamıdan gizlin tarla məşq etməyə. Anam qardaşımın tar müəlliminin dediklərini qardaşıma təkrarladıqca mən də dinləyirdim. Tar necə tutulmalıdı, mizrab nədir, nəyi necə eləmək lazımdır, bunları öyrəndim, bir də baxdılar ki , mən əməlli-başlı tar çalıram. Amma mənim tara olan sevgimə qarşı çox çıxdılar, belə deyim mən tar üçün çox mübarizə aparmışam. Asəf Zeynallı adına musiqi kollecinə daxil olanda yenə pianonu seçməyimi istəyirdilər, dedim imkan verin tardan da imtahan verim, seçimi məktəbdən etsinlər. 

- Peşman deyilsiniz?
- Yox, yaxşı ki, tar məni, mən də tarı seçdim. Tar çalan qadınların sayı barmaqla sayılacaq qədər azdır, pianonu seçsəydim yəqin ki, indiki Humay olmayacaqdım. Xoşbəxtəm ki, bu gün məhz mənə görə tar sinfini seçən çoxlu sayda qızlar var.

- Tar ilk sevginizdir. Bir gün tar və ailə həyatı arasında seçim edəcək olsanız, hansını seçərdiniz?
- Tara yetərli qədər zaman ayırdım. Ailəni seçərdim. Bəzi şeylər var ki, tar onu əvəz edə bilmir, onu sənə verə bilmir.

- Tarla dünyanı gəzdiniz, məşhurlaşdınız, sevildiniz, amma onu belə asanlıqla tərk edərdiniz?
- Doğrudur, tarın mənə verdiyi çox şey var, amma ailənin istiliyi, sevgisi bir başqadır. Mən atamı itirəndə balaca idim. Anam çörək zavodunda iki növbədə işləyirdi ki, bizə yaxşı təhsil verə bilsin. O da  həyatdan erkən getdi. Qaldıq qardaşımla mən. 

- Tək yaşayırsınız?
- Hə. Ona görə  düşünürəm ki, tarı ailəyə qurban vermək olar. Gələcəkdə ailəm tarla qəbul etsə, mənə dəstək olsa  bu daha gözəl olar təbii ki.

- Gözəl xanımsınız, nə əcəb bu zamana qədər ailə qurmamısınız? Ya kişilər sizin kimi güclü bir xanımdan qorxurlar, ya da siz çox seçicisiniz. Gələcək ömür gün yoldaşınız necə biri olmalıdır?
- Seçiciyəm yəqin ki. Seçəcəyim insan vicdanlı, dürüst, ailəcanlı, ailə dəyərlərini bilən olsa yetər.  Necə deyərlər insan adam olsun.

- Kasıb olsa necə?
- Mən varlı-hallı ailənin qızı olmamışam, heç özüm də varlı deyiləm. Nəyə nail olmuşamsa əməyimlə, çalışmağımla olub. Ona görə deyirəm vicdanlı, işini sevər olsun. Vicdanı varsa,  evdə ayağını uzadıb yatmaz, işini sevsə mütləq irəliləyəcək.

- Öz sənət yoldaşlarınızdan, musiqi aləmindən olsa necə?
- Öz caiməmizdən istəməzdim.

- Son zamanlar sizi “Humay” qızlar ansamblı ilə birlikdə görmürük.
- Qızlarla işləməyin çətinliyi var. Gah birinin uşağı xəstə olur, gah birinin ailəsi razı olmur, buna görə birlikdə davam edə bilmədik. Həm gərək dövlət dəstəyi ola, yoxsa tək adamın ansambl saxlaması çətin olur. Amma “Humay” ansablının həyatımda rolu böyük oldu. 

- Türkiyəli müğənnilərlə konsertləriniz  necə oldu baş tutdu?
- Prodüser Nahid Emiloğlu mənim yaradıcılığımda xüsusi rol oynayıb. Onunla yaxşı dost idik və o öz işini çox yaxşı bilən bir insan idi. Bir gün dedi ki, istəyərəm sənin qızlar qrupunu türkiyəli məşhurlardan biri ilə səhnəyə birlikdə çıxarım. Heç ağlımdan keçməzdi ki, o məşhur Tarkan olacaq. Öncədən mahnı müəyyən edildi, Tarkan Bakıya konsert günü gəldi, konsertdən az öncə yüngül məqş elədik. Dünya şöhrətli bir ulduz olmasına baxmayaraq, Tarkan çox səmimi, mehriban insandır. Bizimlə məşq etdi, tarın səsini də çox bəyəndi. Məşqə əynində bizim kişilərin mayka deyib köynək altından geydiyi o sadə atletdən var idi, yəni bu xüsusi bir şey deyildi, tam o maykalardan Konsert başladı, səhnəyə də elə o mayka ilə çıxdı (gülür), iki mahnı ifa etdik  birlikdə, qarşımda diz çöküb oturdu, elə ifa elədi. Hiss edirdin ki tar səsindən ləzzət alır. Sonra Türkiyədə olanda maqazin proqramlarına bizim barəmizdə də danışdı. Çox uğurlu alındı deyə Nahid sonra Serdar Ortacla da birgə  çıxışımızı təşkil etdi,  balaca qız sayılardım onda, mən Azərbaycan mahnılarını ifa edəndə Sərdar gəlib səhnədə saçlarımı tumarlayaraq dinlədi. Sonralar Rafet el Roman, Kibariye ilə də  çıxışlarımız oldu.

- Humay xanım, tarı ayaq üstə çalmaqla hücumlara məruz qaldınız?
- Əslində tarı ilk dəfə ayaq üstə 1988-ci ildə Həmid Vəkilov çalıb. O vaxt çox gənc idim, hücumlar oldu, bir az çəkinmişdim hətta. Sonralar o hücum edənlərin çoxusu məni təbrik etdi. Alim Qasımov da oturub oxuyanda çox söz dedilər, amma sonra hamı böyük sənətkar kimi qarşısında baş əydi.

- Öz tarınız olmayanda başqa alətlərdə çalmaq rahatdı sizə?
- Məncə hər kəs öz musiqi alətinə öyrəşir. Evdə 15-dən çox tarım var, hədiyyə edilib. Amma daim işlətdiyim tar birdir, onu xüsusi düzəltdirmişəm. Hər kəsin aləti öz boyuna-buxununa uyğun olmalıdır. Hansısa kişi ifaçının çaldığı tar mənə ağır və böyük gələ bilər. Tar çalmaq həm də bir qədər fiziki güc tələb edir.

- Tarı ud kimi diz üstə çalmaq olar? Məsələn, iranlılar elə çalır.  Bu böyük fiziki güc də tələb etməzdi.
- Bizim tarımız sinə üstündədir, yüz illərdir bu belədir və mən bu ənənəni pozmaq istəmərəm. Mən Azərbaycan tarına qarşı hörmətsizlik etmərəm. 

- Popuriləriniz çox maraqlıdır. Xüsusən, cizgi filmlərindən səsləndirdiyiniz.
- Mən yaşlı, orta və gənc nəslin sevə-sevə dinlədiyi musiqiləri sintez edirəm deyə maraqlı alınır, sevilir.

- Əslində nəsilləri sintez edirsiniz.
- Hə bu gözəl söz oldu.

- Hansı müğənniləri müşayiət eləmək çətindir?
- Aygün Bəylərlə, Alim Qasımovu. Onlarla gərək hazırlığın çox ola, imrovizələri çox edirlər, harada başlayıb , harada bitəcəklərini bilmirsən, hər an hər şey edə bilərlər. Alim müəllimlə bağlı maraqlı bir xatirəm də var. Konservatoriyada birinci kursa başlamışam, Alim Qasımovun dərslərində iştirak eləmək üçün getmişdim. Cəmi iki muğam bilirdim, “Şur”la “Mahur hindi”ni. Sevinirdim. Gəldi sinfə, dərs deyirdi,  dedi “bir dənə “Rahab”ın kökünü ver”, dedim bilmirəm, dedi “Mirzə Hüseyin segahı” çal, dedim bilmirəm. Mən bilmirəm axı, öyrənməyə gəlmişəm. Bir dedi, iki dedi, üçüncüdə mən “bilmirəm” deyəndə hirsləndi, əsəbləşdi, “heç nə bilmirsən, nəyə gəlib girmisən bura?”. Pərt oldum, çıxdım sinifdən. Aylarla gözünə görünmədim. Qarşıma məqsəd qoydum ki, öyrənəcəm bütün muğamları. Gecə-gündüz yatmadan məşq edirdim. Çoxlu muğam kasetləri alıb dinləyirdim, öz üzərimdə işləyirdim, amma harada onu görürdüm qaçırdım. 3 il sonra konservatoriyada siniflərdən birinin qapısını açdım, Alim müəllim dərs deyirdi, qaçmaq istədim, məni görüb çağırdı, boynumu qucaqladı, dedi “sən necə gözəl yetişdirmisən özünü, səni efirlərdə görürəm, izləyirəm, çox inkişaf etmisən”. 2010-cu ildə Opera və balet teatrında solo konsertim oldu və konsertdə Alim müəllim də bir nömrə ilə çıxış etdi. 

- Amma bu qədər zaman içində sizə ad verilməyib.
- Çox istərdim olsun, kim  çalışdığı sahədə yüksəlmək istəməz? İstanbulda "Tim Moslak Show Center" konsert  salonunda  solo konsertim olub, çoxu gedib restoranda oxuyur gəlir deyir xaricə konsertə getdim. Konsertin öz ağırlığı, öz məsuliyyəti var, Bakıda iki dəfə solo konsertim olub. Tələbələrim uğurlu nəticələr göstərirlər. Yəqin bunlar nəzərə alınmalıdır.

Mənbə: Lent.az

0