Ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda İtaliyanın “Napoli” klubu “Liverpul” üzərində gözlənilməz qələbə qazandı.
“Qafqazinfo” xəbər verir ki, neapollular qitənin ən nüfuzlu klub yarışının son finalının iştirakçısının qapısından 4 top keçirdi.
İtalyanların heyətindən ən çox diqqəti çəkən futbolçulardan biri isə Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya idi. İngiltərə nəhənginə qarşı meydanda xarüqələr yaradan 21 yaşlı vingerin oyunu Avropa mətbuatının gündəmini zəbt edib. Hər kəs qafqazlı gəncin qitənin yaşıl meydanlarında rəqiblərinin baş ağrısına çevirməsini təəccüblə qarşılayır.
Hər kəs sosial şəbəkələrdə “niyə bizdə Xviça yoxdur” sualı ilə gürcü ulduzun fotolarını paylaşır. Əslində, haqlıdırlar. Bizim də Mahir Emrelimiz var. Hansı ki, Zaqreb “Dinamo”sunun ehtiyat oyunçular skamyasının daimi sakini. Amma buna görə biz Emrelini qınamalıyıqmı, yoxsa günü-gündən batan futbolumuzun güzəranına çarə qılmağa çalışmalıyıqmı?
Mahirin azərbaycanlı futbolçu olaraq Zaqreb “Dinamo”suna qədər getməsi özü bir uğurdur. Çünki özünə Avropada bir az orta səviyyəli klub tapan kimi 9 il ardıcıl avrokubokların qrupunda oynayan “Qarabağ”dan belə imtina edən əcnəbilərin gəlmək istəməyən çempionatdan çıxan bir zaqatalalı gənc xorvatların futbol məbədinin heyətinə düşüb, hətta qol vurmağı da bacarır.
Qayıdaq Xviçaya. Gürcü futbolçunun atası Badri Kvaratsxeliya Azərbaycan futbolunu 90-cı illərin sonu 2000-ci illərin əvvəllərində izləyən hər kəsə tanışdır. Azərbaycan yığmasının üzvü, “Şəmkir” klubunun ulduzu...O, bu komanda ilə 101 dəfə meydana çıxıb, “Skonto” üzərində qələbənin memarlarından olub. UEFA Çempionlar Liqasında ilk dəfə mərhələ adlarkən Badri Riqa klubunun qapısına 2 qol vurub və 4:1 hesablı qalibiyyətin səbəbkarlarında sayılır.
Xviça Badrinin “Şəmkir”lə “Skonto” üzərində tarixi qələbəni qazandığı ildə Tbilisidə dünyaya gəlib. Görünən odur ki, millimizin sabiq üzvü üçün 2001-ci il çox düşərli olub. Məhz həmin il gələcəyin ulduzu dünyaya gözlərini açıb.
Badrinin böyük oğlu da futbolçu olmağa çalışıb. Lakin onun karyerası heç də uğurlu olmayıb. Bundan sonra o, ümidini məhz Xviçaya dikib. O da atasının gözləntilərini artıqlaması ilə doğrulda bilib. Kvaratsxeliya ailəsinin son beşiyi olan Xviçanın kiçik qardaşı da məhz futbolçu olmaq üçün can atır. Bəlkə də o qardaşından da üstün oyunçu olacaq.
2019-2022-ci ilin yayına qədər Xviça müqavilə ilə “Rubinə” məxsus olub. O, bu klubun heyətində meydana çıxdığı 69 oyunda 9 dəfə rəqib qapılarına yol tapıb. Xviça 2019-da icarə əsasında Moskva “Lokomotiv”ində də çıxış edib. 7 oyuna 1 dəfə rəqiblərini məyus etməyi bacarıb. Rusiyanın Ukraynaya hücumundan sonra Batumi “Dinamo”suna dönən Xviça burada da oyunu ilə göz xoşayır. Üstəlik, milli komandanın heyətində Bolqarıstan və Şimali Makedoniya kimi komandanın qapısına vurduğu qollar onu bir az məşhurlaşdırır və nəhayət “Napoli”dən təklif alır.
İtaliya çempionatı kimi ağır liqada çıxdığı 5 oyunda rəqib qapılarına 4 qol vurur və bir qol ötürməsi müəllifi olur. Ötən gecə “Liverpul”la matçlarda qol vurmasa belə, göstərdiyi futbol qitədə hər kəsin haqqında danışmasına gətirib çıxarıb.
Qonşu Gürcüstanda futbolun gün-gündən irəli getməsi Azərbaycan üçün nümunə sayıla bilər. Futbolçuların fərdi uğurlarını kənara qoysaq, qonşularımızın Millətlər Liqasında uğurlu çıxışına həsədlə baxmamaq üçün Xviça kimi gənclər yetişdirməliyik. Yoxsa son günlər ən çox gündəm mövzusu olan süni meydançalarda futbol oynayan uşaqların bel sümüyünün əyilməsinə, diz qapaqlarında yaranan problemlərə tamaşa edərək geriyə addımlayacağıq.