“Akkord”la bağlılığı olan şirkətdən 175 milyon manat götürüldü

İQTİSADİYYAT
11:47 / 09.09.2022
971

Vaxtı ilə ölkənin ən böyük tikinti şirkətlərindən birinin – “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin əsas səhimdarlarından (49%) olan Vəliyev Dərya Müsəllim oğlunun rəhbərlik etdiyi “Buıldıng Constructıon Group” MMC (VÖEN – 1503385861) nizamnamə kapitalını 1,7 milyon dəfə azaldır.

Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz, ev 95-də yerləşən “Buıldıng Constructıon Group” MMC-nin nizamnamı kapitalından 175 milyon 235 min 600 manat geri götürülür və MMC-nin nizamnamı kapitalı 100 manata qədər azaldılır.
Məlumat üçün bildirək ki, Qeyd edək ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” nın 51%-i "VİP Estate" şirkətinə, 49%i Dərya Vəliyevə məxsus olub. Dərya Vəliyev eyni zamanda uzun müddət “Akkord”un Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Bildirilir ki, bir-neçə ay əvvəl Dərya Vəliyev Müşahidə Şurasının sədri vəzifəsindən azad olunaraq üzv təyin olunub.

Onu da qeyd edək ki, bir ay əvvəl “Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Logistika Mərkəzi” MMC də (VÖEN- 1805486991) nizamnamə kapitalını kəskin azaldıb. 26.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınan və Sabunçu rayonu, 1-ci mədən ünvanında qeydiyyatda olan “Akkord Logistika Mərkəzi” MMC nizamnamə kapitalını 46 min 635 dəfə azaldaraq 4 milyon 634 min 790 manatdan 100 manata qədər endirib. MMC-nin qanuni təmsilçisi Məmmədbağırov Sərxan İlham oğludur.

Son zamanlar “Akkord” şirkətlər qrupuna daxil olan şirkətlərə qarşı çoxsaylı məhkəmə iddiaları da qaldırılıb. İyul ayında gəlirlərinə görə Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” ASC  “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Akkord General Construction” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. Eyni zamanda qeyd edək ki, “Akkord” adlı şirkətlərin dövlət büdcəsinə də böyük həcmli vergi borcları yaranıb.

Yayılan rəsmi və qeyri-rəsmi məlumatlar onu göstərir ki, son zamanlar “Akkord” şirkətlər qrupunda ciddi böhran yaşanır. Hətta bu ilin əvvəlində vaxtı ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurasının üzvü olmuş (Maliyyə direktoru) “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin (VÖEN-3600285601) Müşahidə Şurasının sədri, tanınmış iş adamı Rəsul Orucovun həbs olunduğu barədə məlumatlar yayılıb. Bu məlumat sonradan təkzib olunsa da  Rəsul Orucovun rəhbərlik etdiyi şirkətin həmin dövürdə (4 fevral 2022-ci il tarixinə olan məlumat) dövlət büdcəsinə böyük həcmdə - 7 milyon 252 min 706 manat 7 qəpik vergi borcu vardı. Hazırda bu borc tamamilə ödənilib. Bundan başqa ötən ilin dekabr ayında “Paşa Bank” kredit borcunu vaxtında ödəmədiyi üçün “Ağstafa Aqrar Sənaye Kompleksi” və Rəsul Orucov barəsində məhkəmə iddiası qaldırıb.

Onu da bildirək ki, uzun illər mətbuatda “Akkord” şirkətlər qrupunun qeyri-rəsmi sahibinin sabiq baş prokuror Zakir Qaralaov olması ilə bağlı çoxsaylı yazılar yayımlanıb. Bir-neçə gün əvvəl mətbuatda yayılan məlumata görə Zakir Qaralov müayinə və müalicə üçün Almaniyaya getmək istəsə də onun ölkədən çıxışına icazə verilməyib. Bu xəbərlə bağlı Baş Prokurorluqdan bildiriblər ki, onlarda Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat yoxdur.

0