Ramin Hacılı Prezidentə müraciət etdi

ÖLKƏ
13:30 / 12.09.2022
933

Hazırda həbsdə olan Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

HİT.az müraciətin mətnini təqdim edir:

Çox hörmətli möhtərəm Prezident!

09 iyul 2021-ci il tarixində Baş Prokurorluğun İstintaq İdarəsində barəmdə cinayət işi başladılaraq həbs olundum. Aparılan 10 aylıq ibtidai istintaqa və məhkəməyə bir daha aydın oldu ki:

1. Tərəfimdən heç bir saxta möhür hazırlanmayıb və istifadə olunmayıb.

2. Heç kimə mənə saxta arayış və ya hər hansı bir saxta sənəd verməsi qarşılığında ödəniş etməmişəm.

3. Rəhbərlik etdiyim ictimai birliyi hansısa qanunsuz fəaliyyətlərdə istifadə etməmişəm.

4. Hər hansə bir siyasi partiya və ya qurumla heç bir qanunsuz işbirliyində olmamışam.

5. Təqsirləndirildiyim 18 epizodun heç birində kiməsə qarşı dələduzluq etdiyim faktı yoxdur və heç kim zərərçəkmiş şəxs qismində tanınmayıb.

6. Heç bir qurumun blankını, möhürünü və səlahiyyətlərini saxtalaşdırmamışam.

7. Heç vaxt hansısa səfirlik nümayəndəsi ilə qanunsuz əməkdaşlığım olmayıb.

8. Hər hansı bir xarici ölkədə kimlərləsə işbirliyi yaradaraq qanunsuz miqrasiya təşkil etməmişəm.

9. Heç bir vətəndaşı xarici ölkəyə apararaq orada miqrasiya orqanlarına təhvil verməmişəm.

10. Bütün fəaliyyətlərim (turizm sahəsində) 2018-ci ilin may ayınadək olan müddəti əhatə edir. Yəni ilk dəfə həbs olunduğum 04 iyun 2018-ci ildən indiyədək turizm sahəsində heç bir fəaliyyətim olmayıb. Baxmayaraq ki, 2019-cu ilin mart ayından 2021-ci ilin iyul ayınadək olan müddətdə azadlıqda olmuşam. Qanunvericiliyə görə azadlıqdan məhrumetmə cəzası şəxsi islah etməkdən ötrüdürsə, qeyd etdiyim fakt mənim buna ehtiyacım qalmadığını deməyə ciddi əsasdır. Mənə qarşı irəli sürülən ittihamlar 6-7 il öncəyə təsadüf edir.

11. Hazırda ittiham olunduğum əməllərə görə, indiyədək iki dəfə cəza almışam. Sonuncu məhkəmə qərarına görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişəm. İndi də bu qərara əsasən 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılıram. Yenidən əlavə olaraq belə ağır cəzanın mənə verilməsi təşəbbüsünə anlam verə bilmirəm.

12. Mənə qarşı irəli sürülən AR CM-nin 13 ədəd maddəsinə əsasən ən azı 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məruz qalacağım gözlənilir ki, bu halda da toplam 8 ildən çox müddətə məhkum edilmiş olacağam. Mənə mübasibətdə belə qəddarlığın sərgillənməsinə hansı fəaliyyətimin yol açdığını xatırlaya bilmirəm.

13. Cəlb olunduğum iş üzrə 2016-cı ildən indiyə qədər onlarla şəxsə ittihamlar verilsə də yalnız mən həbsdə saxlanılıram və ağır maddələrlə məhkəmə qarşısına çıxarılmışam. Bakı Ağir Cnayətlər Məhkəməsi də 01 iyun 2022-ci ildə baş tutan hazırlıq iclasında barəmdə ayrıca həbs qətimkan tədbiri seçməklə qərəzini bir daha göstərmiş oldu. Həmçinin vəsatətlərimi qəbul etməkdən imtina etməklə, şahidlərə sualllar verməyimə imkan verməməklə məhkəmədə hüquqlarım pozulur.

14. Barəmdə heç kimim şikayəti və tələbi olmadığı halda mətbuatda guya kimlərinsə şikayəti əsasında həbs olunmağım barədə 10 iyul 2021-ci ildə yalan məlumatlar yayaraq istintaq tərəfi cəmiyyəti aldatmış oldu.

15. İttiham tərəfi qondarma cinayət işi ilə məni məhkəmə qarşısına tək çıxardılğı halda sənədlərdə mütəşəkkil dəstə üzvü kimi göstərilib. Kim və ya kimlərdi digər dəstə üzvləri? Rəhbəri kimdi bu “mütəşəkkil dəstə”nin? Mütəşəkkil dəstə üzvləri arasında iş bölgüsü necə olub və mənim vəzifəm nədən ibarət olub?... Bu sualların cavabları nə istintaq materiallarında, nə də ittiham aktında yoxdur. Bu hal isə kobud qanun pozuntusu və hüquq dövləti prinsipinə sayqısızlıqdır.

16. 06 iyul və 13 iyul 2022-ci il tarixlərində baş tutan məhkəmə iclaslarında “şahidlər” Əliyev Natiq Yoldaşəli oğlu və Musayeva Ramilə Mübariz qızı məni ümumiyyətlə tanımadıqlarını bildirdilər. Əlavə etdilər ki, ibtidai istintaqda  onlara müstəntiqlər hazırladıqları ifadələri məcburən imzaladıblar. Onların imzaladıqları həmin saxta ifadələr əsasında mənə AXCP adından arayışlar vermək ittihamı irəli sürülüb. Ortaya bir sual çıxır: Kim və ya kimlər, hansı məqsədlərlə mənə qarşı belə böhtan hazırlayıb? 

Uzun illərdir məni məhv etmək istəyən qüvvələrdən cənab Prezident qoruyurdu. Dəfələrlə həbsimə nail olmaq üçün istintaqa cəlb olunsam da ciddi əsaslar tapa bilməyənlərə ölkə rəhbərliyi mane olub. İndi “AXCP arayışları hazırlayıb” böhtanı ilə istintaq tərəfi öz əlini gücləndirməyə çalışır. Məhkəmədə bu faktın saxta olduğu məlum oldu. Barəmdə hazırlanan bütün ittihamların qərəzli olduğu ortaya çıxdığı bir məqamda ədalətin yerini tapması üçün siyasi iradəyə ehtiyac var. Həm də başqalarını təmizə çıxarmaq məqsədi ilə onların cinayətlərini mənim üzrəıimı yükləmək istəyənləri ifşa etmək istiqamətində əlavə araşdırmaya dövlətçiliyimiz baxımından ciddi ehtiyac yaranıb.

17. Daxili İşlər Nazirliyinin idarələri, Dövlət Təhlükəsizlik Xidməti, Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Nəsimi rayon Məhkəməsi, Nərimanov Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və s. qurumlardan 2016-cı ildən indiyədək barəmdə apardığı araşdırmalar, istintaq təqibləri, həmçinin Baş Prokurorluğun bəhs etdiyim iş üzrə yekun rəyi və hazırda aparılan məhkəmə prosesi sadaladığım nüansları təsdiq edir. Hər bir araşdırma aparan tərəfə və ya orqana bir həqiqət məlum olub:

Mən yalnız özümün və ailəmin güzərnını təmin etmək məqsədilə turizm sahəsində fəaliyyət göstərmişəm və yalnız bir qanunsuz əməlim olub. O da bizim şirkətə müraciət edən yüzlərlə müştərinin bir çoxunun rəsmi iş yeri olmadığından tanışlarımdan rəhbərlik etdikləri qurumlarda onları qeydiyyata alaraq arayış verməsini xahiş etməyimdir. Sadəcə bacarıq və biliyim hesabına daha yaxşı xidmət təşkil etdiyim üçün şirkətimizə çoxsaylı müraciətlər olub. Çoxsaylı müraciətlərin olmasının başqa səbəblərini axtarmaq niyyəti ilə araşdırma aparan bütün dövlət qurumları qeyd etdiyim və sadaladığım qənaət üzərində durub. Bu halda mənə üçüncü dəfə ağır cəzanın təyin edilməsi haqsızlıqdır.

İnanıram ki, HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİ kimi Sizin iradənizlə ölkədə aparılan və dərinləşdirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları çərçivəsində belə bir ədalətsizliyə imza atılmasına icazə verilməyəcək!

Möhtərəm cənab Prezident!

Ədalətin bərqərar olması üçün sadaladığım faktları, dövlətimiz qarşısında etdiyim xidmətləri, müraciətlərimi və işimin hallarını, o cümlədən, vətənimizə fayda vermək niyyətimi nəzərə alaraq, mənə yardımçı olmağınızı xahiş edirəm!"

0