Beynəlxalq güclərin neqativ ritorikası erməni lobbilərinin fəaliyyətinin nəticəsidir - DİP

SİYASƏT
13:58 / 14.09.2022
711

Son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribat bölgənin təhlükəsizliyinə, sülhyaratma prosesinə qarşı böyük təhdiddir.

Bu barədə Demokratik İslahatlar Partiyasının bəyanatında bildirilir.

Qeyd olunur ki, onlarla hərbi qulluqçunun həyatını itirməsinə səbəb olan bu genişmiqyaslı təxribatlara görə məsuliyyət bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Çünki Azərbaycan 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara sadiqlik nümayiş etdirir. Bunu işğaldan azad edilmiş ərazilərdə apardığı sürətli abadlıq-quruculuq işləri də sübut edir.

Lakin ermənilər Qarabağdan çıxarkən ətrafı dağıdır, evlərə, meşə massivlərinə od vurur, minalar basdırırlar. Beləliklə də onlar regionda sabitliyin yaranmasını istəmədiklərini, uzunmüddətli sülhə hazır olmadıqlarını nümayiş etdirirlər.

Ermənistanın bu sabotajlarına, hərbi təxribatlarına qarşı cavab tədbirləri görməyə məcbur olan Azərbaycan haqsız şəkildə bəzi beynəlxalq güclərin neqativ ritorikası ilə üzləşir. Məlum məsələdir ki, bu ritorika da xaricdəki erməni lobbilərinin fəaliyyətinin nəticəsidir. 

Demokratik İslahatlar Partiyası hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri görmək hüququ var və Ermənistanın hərbi təxribatlarına qınaqla yanaşmayan beynəlxalq ictimaiyyət bu hüququ ölkəmizdən ala bilməz. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi toxunulmazdır, heç bir halda müzakirə predmeti olmamalıdır. Bununla yanaşı, ölkəmiz sülh çağırışlarına da pozitiv cavab verməyə davam etməli, hərbi-siyasi sayıqlığını itirməməlidir. Çünki insan həyatları bizim üçün hər şeydən daha önəmlidir.

Demokratik İslahatlar Partiyası Silahlı Qüvvələrimizin genişmiqyaslı təxribatın qarşısı alınarkən həyatını itirmiş hərbi qulluqçuların ailələrinə, yaxınlarına və Bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyir!

0