Prezident Laçın, Cəbrayıl və Daşkəsənlə bağlı sərəncamlar imzaladı

İQTİSADİYYAT
14:50 / 20.09.2022
1037

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

HİT.az xəbər verir ki, Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800 min manat ayrılıb.

Prezident Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinə də vəsait ayırıb.

Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 1 milyon manat ayrılıb.

İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,5 milyon (doqquz milyon beş yüz min) manat ayrılıb.

0