Vüsal Kərimliyə bağlı şirkət “BakıKart”dan milyonlar qazanır - FAKTLAR

İQTİSADİYYAT
11:53 / 01.10.2022
1267

Xəbər verdiyimiz kimi, bu yaxınlarda 19 özəl daşıyıcı şirkət dövlət rəhbərliyinə kollektiv müraciət ünvanlayıb və bildirilib ki, hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödəyirlər.

Yeniavaz.com xəbər verir ki, daşıyıcı şirkətlər bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını xahiş ediblər.

Daşıyıcı şirkətlərin bu açıqlamasından sonra nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, sərnişinlərin “BakıKart” vasitəsilə ödədiyi gediş haqqının 5%-i BNA-a tərəfindən tutulur.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Elməddin Muradlını yalan danışmaqda ittiham edib və bildirib ki, sərnişin sayına görə toplanan vəsaitin 5%-ni bu sahədə fəaliyyət göstərən ödəniş operatoru olan şirkətə ödənilir. BNA rəsmisi deyib ki, bu prosedur da daşıyıcı şirkətlə operator arasında hüquqi müstəvidə imzalanan müqavilələrlə tənzimlənir.

Məlumat üçün bildirək ki, BNA rəsmisi daşıyıcı şirkətlərdən gediş haqqının 5%-ni tutan operatorun kim olduğunu açıqlamayıb.

Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, daşıyıcı şirkətlərdən gediş haqqının 5%-ni tutan operator, yəni “BakıKart”ın sahibi olan şirkət – “K Group” MMC-dir (VÖEN – 1402954871). 

Maraqlıdır ki, “BakıKart”ın rəsmi veb-saytı olan “bakikart.az”da bu şirkət barəsində heç bir məlumat qeyd olunmayıb. Veb-sayta baxdığımız zaman sanki sayt tərtib olunarkən “K Group” MMC-nin adı bilərəkdən gizli saxlanılıb. Lakin, “bakikart.az” domain adının “K Group” MMC-yə məxsus olduğunu gizlədə bilməyiblər (ya da unudublar).

Təkcə Bakı metrosundan gün ərzində orta hesabla 535 min sərnişinin istifadə etdiyini nəzərə alsaq, “K Group” MMC-nin “BakıKart” vastəsilə ödənilən vəsaitlərdən xeyli gəlir əldə etdiyini görə bilərik. Məsələn, bu rəqəm təkcə Bakı metrosundakı sərnişin sayına görə, gün ərzində 8025 manat edir. Bu da bir ayda 240 min 750 manat, bir ildə isə 2 milyon 889 min manat edir.

Adına “Bakikart.az” saytında rast gələ bilmədiyimiz “K Group” MMC-nin sahibi kimdir?

Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, “K Group” MMC 03.11.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon 10 manat olan MMC-nin qanuni təmsilçisi Bayramov Orxan Xanlar oğludur. Hər il milyonlarla vəsait əldə edən “K Group” MMC kimi Orxan Bayramov haqqında da açıq internet resurslarda heç bir məlumat yoxdur.

Məlum olan isə odur ki, “K Group” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvan “Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 3. M. 13”də “GMSA” MMC (VÖEN – 1402774731) adlı daha bir şirkət qeydiyyata alınıb. “K Group” MMC ilə eyni ildə - 2014-cü ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi  BNA-nın rəhbəri Kərimli Vüsal Ağaməmməd oğludur.

Göründüyü kimi, “BakıKart” vasitəsilə ödənilən gediş haqqının 5%-i birbaşa olaraq BNA tərəfindən tutulmasa da, bu vəsait BNA rəhbərinə bağlılığı olan şirkətin büdcəsinə daxil olur.

0