Aqrar Təlim Mərkəzi “100 kənddə 100 təlim” kampaniyasına start verdi - FOTOLAR

İQTİSADİYYAT
12:25 / 08.10.2022
943

Payızlıq əkinlərin başlaması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bölgələrdə informasiya kampaniyasına start verilib. “100 kənddə 100 təlim” adı altında keçirilən kampaniya Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən həyata keçirilir. İnteraktiv formatda keçirilən tədbirlərin təşkilində məqsəd fermerlərin bilik və bacarıqlarının artırılmasına nail olmaq, onları payızlıq əkinlər ərəfəsində aqrotexniki tədbirlərin düzgün təşkili barədə məlumatlandırmaqdır. Layihə çərçivəsində 35 min fermerin təlimlərə cəlb olunması nəzərdə tutulur.

Bu məqsədlə 18 rayon üzrə seçilmiş 100 kənddə Aqrar Təlim Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən təlimlərə start verilib.

İlk təlimlər Salyan rayonunun Kürsəngi, Xələc, Qarabağlı, Şorsulu kəndlərində və Neftçala rayonunun Aşağı Qaramanlı kəndində keçirilib.  Təlimlərə cəlb olunan fermerlərə bol və keyfiyyətli məhsul əldə etmək üçün zəruri olan aqrotexniki tədbirlər, taxıl əkininin texnoloji xəritəsi, aqrotexniki tədbirlərin ardıcıllığı, səpin və gübrə norması, aqtokimyəvi analizin fermerlərə verdiyi üstünlüklər, sertifikatlı toxumdan istifadənin məhsuldarlığı müsbət təsiri, növbəli əkin sistemi, taxıl sahələrində xəstəliklərə, zərərvericilərə və gəmiricilərə qarşı mübarizənin təşkili və digər aktual mövzularda məlumatlar verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib. 

Fermerlərin yüksək keyfiyyətli sertifikatlaşdırılmış toxum və gübrələrə əlçatanlığını təmin etmək üçün təlim keçirilən kəndlərdə səyyar toxum və gübrə satışı da təşkil olunur.

Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə keçirilən təlimdə iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov fermerləri təlimlərdə aktiv iştiraka çağırıb. Nazir bildirib ki, fermerlərin aqrar sahənin müxtəlif istiqamətləri üzrə təlimlərə cəlb etmək nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə Nazirlik tərəfindən illik təlim planı təsdiqlənib, plan əsasında nazirliyin müxtəlif qurumlarının əməkdaşları, o cümlədən Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən müxtəlif mövzularda sahəvi təlimlər təşkil olunur. Payızlıq əkinlər ərəfəsində keçirilən təlimlər fermerlərə əldə etdikləri nəzəri bilikləri təcrübədə uğurla tətbiq etməyə, nəticədə mövsümü yüksək məhsuldarlıqla və daha çox gəlirlə başa vurmağa imkan verəcək. 

Tədbirdə təlim ehtiyaclarının müəyyən olunması ilə sorğu keçirilib, fermerlərin təklifləri qeydə alınıb.

“100 kənddə 100 təlim” layihəsi şətçivəsində növbəti tədbirlər gələn həftə Ağcabədi və Tərtər rayonlarında təşkil olunacaq.

0