Üç yaşında filmə çəkilən, anasına görə Bakını həmişəlik tərk edən “Sehrli xalat”ın “Rəşid”i...

MƏDƏNİYYƏT
15:08 / 31.10.2022
2700

HİT.az Kulis.az-a istinadən “Sehrli xalat” filmindəki “Rəşid” obrazı ilə məşhurlaşan aktyor Azər Qurbanov haqqında on maraqlı faktı təqdim edir.

Əslən Gəncə şəhərindən olan Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda Nərimanov prospektində yerləşən 225 saylı orta məktəbdə rus dilində alıb. Azərbaycan dilində, demək olar ki, danışa bilməyib.

Moskvada təhsil alan Azər sonralar müxtəlif illərdə Sankt-Peterburqda, Odessada yaşayır. Bakıda cəmi on il yaşayan Azər Qarabağ münaqişəsi başlayanda dostlarının dəvəti ilə ABŞ-yə gedir. Ancaq qısa müddətlik səfər Azərin bütün həyatını dəyişir.

Bir gün evlərinə, anasına zəng vurur. Bakıya qayıtmaq istədiyini bildirəndə isə anasından gözlənilməz cavab eşidir:

“Bakıya qayıtma”.

Bu barədə müsahibələrinin birində Azər deyir:

“Doğrudan da, geri qayıtmaq istəyirdim, lakin alınmadı. İndi 25 ildən çoxdur ki, burada yaşayıram. Sizə demək istəyirəm ki, ABŞ elə də yaxşı ölkə deyil. Birləşmiş Ştatlar çox varlı ölkədir. Lakin insanların yaşayışı o qədər də yaxşı deyil. Hesab edirəm ki, hazırda mənim ölkəmdə vəziyyət buradan yaxşıdır. Burada bəzi insanlar varlıdırlar, lakin əhalinin əksəriyyəti varlı deyil. Bu, yaxşı hal deyil. Burada hər şey çox bahadır. Nəsə almaq üçün gərək hər gün işləyəsən. Mən Azərbaycanı xatırlayıram, ora üçün darıxıram. Azərbaycan mənim doğulduğum yerdir”.

Anası da sonradan Azərin yanına köçür. 2012-ci ildə anası ABŞ-də dünyasını dəyişir və orada dəfn olunur.

1983-cü ildə elə ABŞ-də ailə həyatı quran Azərin bir oğlu dünyaya gəlir.

Azər Qurbanov yeddi yaşında “Bir məhəllədən iki oğlan” filmində debüt edib. Daha sonra “Əcnəbi qız” (1965), “Bizim oynadığımız dənizdə” (1967), ilk sovet-yuqoslav birgə filmi olan “Mavi quş, yolun açıq olsun” (1967) filmlərində rol alıb. Ancaq ona ən böyük uğuru “Sehrli xalat” filmindəki “pioner Rəşid” obrazı gətirir.

Rejissor Əlisəttar Atakişiyev 1964-cü ildə “Sehrli xalat” filmini ekranlaşdırır. Filmin ssenarisi Aleksandr Tarasovla birlikdə yazılır. Kinosınaq zamanı Rəşid rolu üçün Azər Qurbanovla yanaşı, Yaşar Nuri, Ramiz Əzizbəyli də dəvət olunurlar. Sınaq çəkilişləri nəticəsində baş rola - “Rəşid”ə - Azər Qurbanov təsdiq olunur. Azər rusdilli olduğundan onu Yusif Şeyxov səsləndirir.

Yusif Şeyxov müsahibələrinin birində bu haqda deyir:

“Səhnələr çətinliklə alınırdı. Çünki uşaqların sayı çox idi. Hətta yeddi-səkkiz dubla çəkilən kadrlarımız da olurdu. Bəzən yaxşı alınırdı, tez çəkilirdi. Mənim üçün ən çətin yer çəkiliş vaxtı deyil, səsləndirmə vaxtı oldu. Kadrların birində Rəşidlə Zərifənin Ayın səthində qaçdı-tutdu səhnəsi vardı. Rəşid gülürdü. Həmin gülüşü ifadə etmək məndə heç cür alınmırdı. Əlisəttar Atakişiyev çox əsəbiləşirdi. Dublyaj vaxtı yanımda olan təcrübəli aktyorlar mənə gülməli əhvalat və hadisə olmadan necə gülmək lazım olduğunu öyrətdilər. Mənim üçün filmdə ən çətin olan bu idi. Nəhayətdə səslənmə Əlisəttar müəllimin istədiyi kimi alındı”.

Hazırda şəxsi bizneslə məşğul olan Azər internet üzərindən onlayn satışla məşğuldur. Həmçinin tibbi logistika şirkəti var. Şirkət fiziki məhdudiyyətli şəxslərin həkimə, xəstəxanaya aparılmasına yardım edir.

0