NATO ölkəsinə atılan raket: Rusiya, yoxsa Ukrayna? - AÇIQLAMALAR

DÜNYA
09:43 / 16.11.2022
1181

Polşa ərazisinə düşən raket Rusiya istehsalıdır.

HİT.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, faktla bağlı Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev izahat üçün Polşanın Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN qeyd edib ki, noyabrın 15-də Rusiya kritik infrastrukturu məhv etmək üçün Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib, bundan sonra Polşa-Ukrayna sərhədindən 8 km aralıda yerləşən kənd ərazisinə Rusiya istehsalı mərmi düşüb.

Polşa Prezidenti Anjey Duda hadisə ilə bağlı açıqlama verib. Prezident bildirib ki, NATO döyüşə hazır vəziyyətdədir: “Bu gün söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla nizamnamənin bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”.

O qeyd edib ki, Polşa silahlı qüvvələrinin, o cümlədən hava hücumundan müdafiə sisteminin hazırlığı artırılıb: “Təyyarələrimiz müttəfiqlərin təyyarələrini dəstəkləyəcək. Biz sakit və hesablı şəkildə davranırıq”.

Eyni zamanda, Polşa lideri raketin kimin buraxdığına dair qəti sübutun olmadığını açıqlayıb: “Faktla bağlı araşdırmalar aparılır. Çox güman ki, bu, Rusiya istehsalı olan raket idi”.

Hadisədən sonra Polşa hökumətinin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclası keçirilib. Jurnalistlərə hadisənin təfərrüatlarını onun nəticələrinə əsasən deyəcəkləri vəd edilib, lakin Polşa hökumətinin spikeri Pyotr Müller vəziyyətə aydınlıq gətirməkdən imtina edib. O, kənddə həqiqətən də partlayış olduğunu təsdiqləyib.

“Polşanın bəzi döyüş bölmələrinin və dövlətimizin digər hərbiləşdirilmiş xidmətlərinin hazırlığının artırılması barədə qərar qəbul edilib. Eyni zamanda, biz NATO paktının 4-cü maddəsini tətbiq etmək üçün səbəblərin olub-olmadığını araşdırırıq”, - Müller bildirib.

Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa qeyd edib ki, 4-cü maddə Alyansın digər üzvləri ilə məsləhətləşmələrə aiddir. O vurğulayıb ki, xüsusi xidmət orqanları hələ də onların işə salınmasına ehtiyac olub-olmadığını araşdırırlar. O, həmçinin əlavə edib ki, Polşa tərəfi ABŞ rəhbərliyi ilə əlaqə saxlayır.

Polşa hakimiyyətinin nümayəndələri əlavə suallara cavab verməkdən imtina ediblər.

Bu gün Polşanın tələbi ilə NATO səfirləri Alyansın nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirəcəklər. Bu maddə NATO üzvü olan ölkələrdən biri onun ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, tərəflərin məsləhətləşmələr aparmasını nəzərdə tutur.

ABŞ-dan verilən açıqlamada isə bildirilib ki, Polşaya düşən raketlər Kiyev tərəfindən Rusiya raketlərini vurmaq üçün atılan raketlərdən biridir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanı NATO üzvü olan Polşaya raket zərbəsi endirməkdə ittiham edib. “Bu, Rusiyanın kollektiv təhlükəsizliyə raket hücumudur. Bu, çox əhəmiyyətli eskalasiyadır. Hərəkət etmək lazımdır”, deyə Zelenski bildirib.Q

Qeyd edək ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilirdi. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.

Eyni zamanda, noyabrın 16-da Polşanın tələbi ilə NATO səfirləri Alyansın nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirəcəklər.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.

0