Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bir neçə təkliflə çıxış edib.
“Büdcəmiz artıb. Ənənəvi olaraq büdcə gəlirlərinin böyük bir hissəsi Azərbaycan neftçilərinin əməyi ilə bağlıdır. Müsbət haldır ki, hökumətin siyasəti nəticəsində qeyri-enerji sektorunda inkişaf gedir və bu istiqamətdə gəlirlər artır. Hökumətin bu sahəyə diqqətini və nəzarətini müsbət qiymətləndirirəm. Çalışmalıyıq ki, bu istiqamətdə islahatlar dərinləşsin, sahibkarların imkanları genişlənsin, gəlirləri artsın və Azərbaycan büdcəsinə qeyri-neft sektorundan böyük gəlirlər daxil olsun”, - Asim Mollazadə deyib.
O bildirib ki, Azərbaycan büdcəsində ən böyük vəsait – 5 milyard manat müdafiə sahəsi üçün nəzərdə tutulub. Bu da təbiidir:
“Çünki Ermənistanın arxasında onun müttəfiqləri, dünya tərəfindən terroru dəstəkləyən ölkələr kimi tanınmış dövlətlər dayanıb. Onlar münaqişənin başa çatmasında, sülh sazişinin imzalanmasında maraqlı deyillər. Ona görə də Azərbaycan özünü qorumaq üçün ən müasir silahlı qüvvələrə malik olmalıdır. Hesab edirəm ki, zəruri halda müdafiəyə ayrılan vəsait artırıla da bilər. Lakin Ermənistanın arxasında duran qüvvələr Azərbaycana qarşı bütün dünyada yalan, iftira kampaniyası aparırlar. Ona görə də müdafiə ilə yanaşı, parlament diplomatiyasının da gücləndirilməsi üçün parlamentin ezamiyyə büdcəsi artırılmalıdır. Azərbaycan öz diplomatik sistemini genişləndirərək səfirlikləri bərpa etməlidir, bizə yaxın müttəfiq olan İsraildə təcili olaraq səfirlik açmalıdır”.
Asim Mollazadə ölkəmizdə İsraillə birlikdə Kibertəhlükəsizlik Mərkəzinin açılmaq üzrə olduğunu qeyd edib. Buna böyük ehtiyac olduğunu vurğulayıb:
“Azərbaycan öz kibertəhlükəsizlik sistemini qorumaq üçün mütləq ən müasir texnologiyalardan istifadə etməlidir. Zənnimcə, Azərbaycan İsraillə əməkdaşlıq edərək bu istiqamətdə səviyyəni artıra biləcək”.
Millət vəkili eyni zamanda Azərbaycana qarşı çirkin təbliğatın hətta qonşu dövlətin televiziyası vasitəsilə həyata keçirildiyini xatırladıb:
“Azərbaycan qarşı iftiralar atan televiziyalar mövcuddur. Biz Azərbaycan dilini, mədəniyyətini təbliğ etmək üçün Dünya Azərbaycanlıları Fondu yaratmalıyıb. Bu, fond həm soydaşlarımızın təhsilinə dəstək ola, həm də Azərbaycan dilini və mədəniyyətini yaxından tanıda bilər. Soydaşlarımız arasında öz təbliğatımızı biz müasir texnologiyalardan istifadə edərək, müvafiq televiziya açaraq apara bilərik. Dünya azərbaycanlılarının fəaliyyətini türk diasporu ilə əlaqələndirmək, özümüzü müdafiə etmək üçün kifayət qədər vəsait tələb olunur. Təklif etdiyim Fondun gücü ilə biz bu istiqamətdə fəaliyyətimizi gücləndirə bilərik”.
Deputat qeyd edib ki, Dünya Azərbaycanlıları artıq öz səslərini dünyaya çatdırmalıdırlar. Azərbaycan isə bu istiqamətdə böyük işlər görməlidir.
Asim Mollazadə həmçinin ölkənin su resurslarından səmərəli istifadə zərurətini də dilə gətirib:
“Böyük qayıdış prosesi prezidentin nəzarətində olduğu üçün lazımi işlər böyük sürətlə həyata keçirilir. Azərbaycanın Qarabağdakı çox böyük su ehtiyatları özümüzə qayıdıb. Bu istiqamətdə işlər düzgün gedir. Lakin biz bunu bütün Azərbaycanda həyata keçirməliyik. Dünyada enerji qıtlığı var. Yaxın müddətdə su qıtlığı da ən əsas problemə çevriləcək. Biz meliorasiyanı, irriqasiyanı müasir texnologiyalarla həyata keçirməliyik. Köhnə sovet texnologiyaları Azərbaycanın su resurslarını məhv edir, çayların qurumasına gətirib çıxarır. Çayların suyu Xəzər dənizinə çox çətinliklə gəlib çıxır. Çayların təmizlənməsi ilə bağlı da büdcədə müəyyən vəsaitlər nəzərdə tutulmalıdır”.