Azərbaycanın siyasi və ictimai xadimləri DÇ-2022-də hansı milliyə azarkeşlik edəcək? - SORĞU

İDMAN
13:21 / 18.11.2022
959
İki gündən sonra Qətərdə futbol üzrə XXII dünya çempionatına start veriləcək. Bir ay ərzində dünyanın bütün diqqəti 4 ildə bir dəfə keçirilən həmin turnirə yönələcək. 
 
Azərbaycan yığması çempionatda iştirak etməsə də, ölkəmizdə Qətərdə keçiriləcək yarışa böyük maraq var. Bəs görəsən, Azərbaycanın tanınmış siyasi və ictimai xadimləri bu çempionatda hansı yığmaya azarkeşlik edəcək və kimlərin qalib gələcəyini düşünürlər? 
 
Arif Hacılı: "Dünya çempionu Argentina olacaq”
 
Qaynarinfo-ya açıqlama verən Müsavat Partiyasının başqanı Arif Hacılı düşünür ki, dünya çempionu Argentina olacaq:
 
"İlk növbədə yaxşı futbola azarkeşlik edəcəyəm. İstətdim ki, bu çempionatda Azərbaycan, Türkiyə və Ukrayna yığmaları da təmsil olunsun. Amma təəssüf ki, onlar mundialdan kənarda qalıblar. Bu mənada indiki çempionatda xüsusi azarkeşlik edəcəyim yığma yoxdur. Ancaq Messiyə görə Argentina yığması ilə maraqlanıram. Onların qalib gəlməsini arzulayıram”. 
 
Adil Qeybulla: "Braziliya yığmasına azarkeşlik edirəm”
 
Tibb elmləri doktoru Adil Qeybulla bu çempionatla o qədər də maraqlanmır:
 
"İdman simasını dəyişib. Burada da təəssüf ki, indi korporativ maraqlar əsas rol oynayır. Mən Braziliya yığmasına azarkeşlik edirəm”. 
 
Natiq Cəfərli: "1986-cı ildən Argentinaya azarkeşlik edirəm”
 
ReAL-ın icra katibi Natiq Cəfərli də Argentinanın dünya kubokunu başı üzərinə qaldıracağını düşünür:
 
"1986-cı ildən Maradonaya görə Argentinaya azarkeşlik edirəm. Bu çempionatda da Argentinanın qalib gələcəyinə ümid edirəm”. 
 
Tofiq Zülfüqarov: "Futbolla maraqlanmıram”
 
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov futbolla o qədər də maraqlanmır:
 
"Ona görə də indidən bu barədə nəsə bir fikir bildirmək tezdir”. 
 
Ələsgər Əhmədoğlu: "İngiltərə komandasına tərəfkeşlik edəcəyəm”
 
Hüquqşünas Ələsgər Əhmədoğlu keyfiyyətli oyun nümayiş etdirən İngiltərə yığmasına azarkeşlik etdiyini deyir:
 
"Amma bununla belə düşünürəm ki, bu çempionatın qalibi Argentina olacaq”.
 
İbrahim Rüstəmli: "Əlbəttə ki, İngiltərə…”
 
Hərbçi ekspert İbrahim Rüstəmli də ingilis futbolu ilə maraqlanır:
 
"Çempionun İngiltərə olmasını istərdim. Bu ölkə 44 günlük müharibədə Azərbaycana mühüm dəstək verib”. 
 
Qulamhüseyn Əlibəyli: "İdmanla maraqlanmıram”
 
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli idmanla maraqlanmır:
 
"Ona görə də futbol üzrə dünya çempionatında azarkeşlik etdiyim konkret komanda yoxdur”. 
 
Etibar Məmmədov: "Bilmirəm…"
 
AMİP lideri Etibar Məmmədov də çempionatla maraqlanmadığını bildirir:
 
"Bu barədə maraqlanmamışam. Ona görə də kimin qalib gələcəyini deyə bilmərəm”. 
 
Zərdüşt Əlizadə: "Xəbərim yoxdur…"
 
Politoloq Zərdüşt Əlizadə isə futbol üzrə dünya çempionatının başlayacağından yalnız bu günlərdə xəbər tutub:
 
"Heç bir komandaya azarkeşlik etmirəm”. 
 
Əkrəm Həsənov: "Maraqsızdır…"
 
İqtisadçı ekspert Əkrəm Həsənov uşaqlıq dövründə Argentinaya azarkeşlik edib:
 
"İndi isə 10 ilə yaxındır ki, futbola baxmıram. Daha əvvəlkitək çempionatlar maraqlı deyil. Vaxtıma heyfim gəlir. Sadəcə nəticələrlə maraqlanıram”. 
 
Tural Abbaslı: "O qədər də önəmli hadisə deyil:”
 
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirir ki, dünyanın indiki durumunda futbol üzrə dünya çempionatı o qədər də önəmli hadisə deyil:
 
"Xüsusu azarkeşlik edəcəyim komada yoxdur. Azərbaycan, Türkiyə olsaydı, başqa məsələ. İndiki halda ya Braziliya, ya da Almaniyanın qalib gəlmə şanslarının daha yüksək olduğunu düşünürəm”. 
 
Pənah Hüseyn: "Kim yaxşı oynasa…”
 
Xalq Partiyasının sədri Pənah Hüseyn isə kim yaxşı oynasa, ona da azarkeşlik edəcək: 
 
"Bu çempionata xüsusi marağım yoxdur”. 
0