Tədarük məntəqələrinə 275 min tondan çox pambıq təhvil verilib

İQTİSADİYYAT
17:42 / 22.11.2022
574

Respublikada mexanikləşdirilmiş üsulla kütləvi pambıq yığımı davam edir.

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 275327 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 26.41 sent/ha təşkil edir. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, İmişli, Saatlı, Tərtər, Yevlax və Zərdab rayonlarında orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Artıq birinci yığım başa çatmış bəzi bölgələrdə pambığın ikinci yığımı başlayıb.

Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür.

Pambıq yığımı prosesinə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub. Pambıqyığan kombaynların sayı sahələrdən məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verir.

Dövlət dəstəyinin genişləndirilıməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığn alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.

Respublikada pambıq yığımının optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

0