Sahələrdən 314 min tona yaxın pambıq yığılaraq məntəqələrə təhvil verilib - FOTO

İQTİSADİYYAT
15:07 / 20.12.2022
1012

Respublikada pambıq yığımı yekunlaşmaq üzrədir. 

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 313706 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Respublika üzrə pambığın orta məhsuldarlığı 30.09 sent/ha təşkil edir. 

Pambıqü əkini aparılmış 16 rayondan 8-də - Ağcabədi, Beyləqan, Bərdə, Saatlı, Salyan, Tərtər, Yevlax və Zərdabda orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir. 

Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür. 

Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb. Aqrar Subsidiya Şurasının 2023-cü il üçün qəbul etdiyi qərara görə, gələn ildən fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 180 manat subsidiya alacaqlar.  

Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığn alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.

0