Düzü, onu deyim ki, ətrafımda indiyə qədər toy kasetində qız bəyənərək evlənən nə qədər adam varsa, hamısı xoşbəxtdi. Hələ toy kasetindən qız seçib evlənən bir kişi, bir arvad görmədim ki, talehindən narazı olsun. O cümlədən qohum-əqrəba, görücülük üsulu ilə evlənənlər. Bir-birini toy günü görən adamlar tanıyırdım, qoşa qarıyıb getdilər. Bir sözlə, bir xeyli belə mənasız nümunələr gətirə bilərəm.
Mən və onlarla gəncin adından şəxsən onu deyə bilərəm ki, bu əməllər olduqca mənasız və məzmunsuz hərəkətlərdir. Düşünürəm ki, yetkin adamlar öz həyat talelələrini, yoldaşlarını bu cür tapmamalıdırlar. Lap uğurlu olsa belə. Bilmirəm dövrlə əlaqəlidir, ya necə, bu cür evlilik üsulu olduqca gülməli gəlir də.
Bəs necə tapaq? Bu niyə olsun ki, filan deyə bilərsiniz. Mən sizin ağlınıza gəlməsə də, özüm etiraf edim:
Guya indiki gənclər necə tanış olur ki? Feysbukda, instagramda. İnstagram nədir ki? Eyni şey. Şəkil-video. Elə bu da toy kasetinin bir növüdür. Elə bil ki, pro versiyadır. Nəticələr isə onu göstərir ki, sosial şəbəkələrdə tanış olub evlənənlərin, əksər hallarda bu evlilikləri uzun çəkmir. Sosial şəbəkələrdə tanış olub evlənənlər, toy kasetindən tanış olub evlənənləri bəyənmir. Eyni ilə toy kasetində tanış olub evlənənlər də, sosial şəbəkədə tanış olub evlənənləri bəyənmir. Yəqin, bu da nəsillərin savaşının bir növüdür.
Hər iki tərəf bir-birini bu əmələ görə hətta təhqir də edir. Toy kasetinin güdazına gedənlər deyir, internetdə tapdığın qız nə olacaq, sosial şəbəkə qurbanları da deyir, hansı dövrdü, oturmusan evdə, onlarla qızın arasında deyirsən, bunu istəyirəm, onu da tapıb alırlar.
Mənə görə məsələnin başqa tərəfləri də var. Deyim, bilin.
İnsan dostunu, yoldaşını, yarını-bir sözlə, ruh əkizini, ona lazım olan adamı, mahiyyətinin olduğu yerlərdə tapır həm də.
Məsələn, iş yerində, sosial şəbəkələrdə tanış evlənənlərlə, toyda tanış olub, evlənənlər arasında çox fərq var. İş yerində, sosial şəbəkədə qızla tanış olub evlənmək taledi, toyda tanış olub evlənmək isə qismət.
Etiraf etməliyik ki, bizim qızların da, oğlanların da mahiyyəti əksərən toydur. Xüsusi ilə isə qızların.
"Məni bəyənsinlər, ərə gedim" fikri ilə toya gedən, hətta oynamağına qədər hesablayan qızın, qurduğu ailə də bir müddət sonra maket rolunu oynayacaq. Buna da onu məcbur edən səbəblər var. Ailə mühiti, qızın öz içinin mahiyyəti.
Demək, köhnə nəslin köhnə düşüncələri mənəvi olaraq necə lazımdırsa təsir edib. Bütün bunların sonunda isə dəqiq heç nə deyə bilmərsən. Düz edən kimdi? Necə edək? Bu işlərin axırı necə olacaq?
Yəqin, onu da axıra qalan bilər.
Allah hamını xoşbəxt eləsin!
Orxan Saffari