Naxçıvanda qadın taksi sürücüsü kişi həmkarını Ali Məclisin sabiq sədri Vasif Talıbovun qərarlarına etiraz etdiyi üçün ağacla döyüb.
Qaynarinfo-nun məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib. Belə ki, taksi sürücüləri Ali Məclis, Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyinin qarşısında taksi fəaliyyətinə icazə almaq üçün toplaşıblar.
Zaur (şərti) adlı taksi sürücüsü Naxçıvan Televiziyasına müsahibəsində bildirib ki, qadın taksi sürücüləri TAXİ nişanını icazəsiz götürüb yerə çırpır və onları təhqir edirlər. Bu görüntü "TikTok" sosial şəbəkəsində də paylaşılıb.
Sevinc Əsgərova (ad-soyad şərti) adlı qadın taksi isə Zauru axtarıb taparaq, həmin görüntünü silməyi tələb edib. Zaur bunu etməyəcəyini deyəndən sonra qadın sürücü tərəfindən təhqir olunub.
Sevinc Əsgərova Zaura bildirib ki, TAXİ nişanlarını götürüb yerə çırpan o özü olub. "Sənin TAXİ nişanını çırpıb qırmamışam ki, niyə danışırsan” deyəndən sonra kişi sürücünü təhqir edib və ağacla vurmağa başlayıb.
Zaur ona qadın olduğuna görə heç nə etmədiyini, 102 polis qaynar xəttinə zəng edərək şikayət etdiyini bildirib. Qadın sürücü 9 yanvar 2023-cü il tarixdə, saat 15:40-da inzibati qaydada saxlanılıb.
Məhkəmə Sevinc Əsgərovanın tabeçiliyində 5 övladı olmasını nəzərə alaraq, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilib və 300 manat məbləğində cərimə edib.