"Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq bloku suya buraxılıb

İQTİSADİYYAT
21:28 / 28.03.2023
731

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjı ilə dənizə göndərilmiş "Azəri-Mərkəzi-Şərqi" (ACE) platformasının dayaq bloku suya buraxılıb.

Bu barədə qurumdan məlumat verilib.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa edilmiş dayaq bloku martın 16-da yola salınıb. Barj xüsusi yedək gəmilərinin müşayiəti ilə təyinat məntəqəsinə göndərilib. Xüsusi sürüşdürmə əməliyyatı ilə barjın üzərinə yüklənmiş dayaq blokunun çəkisi 16 000 ton, hündürlüyü 153 metrdir.

Dənizin təxminən 140 metr dərinliyində aparılacaq dayaq blokunun və 48 şaxtalı hasilat, qazma və yaşayış platformasının quraşdırılması işlərinə ASCO-nun 2500 ton yükqaldırma qabiliyyətinə malik “Azərbaycan” kran gəmisi də cəlb ediləcək.

ACE layihəsində istismar olunması üçün ASCO-nun “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.

Xəzər dənizinin ən böyük barjı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 000 tondur.

0