“Doqquz yox, onqat Avropa çempionu olmaq istəyirəm”.
Bunu açıqlamasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin lideri Mariya Stadnik deyib.
Aprelin 17-23-ü aralığında Xorvatiyada keçiriləcək Avropa çempionatına hazırlığını Polşada davam etdirən millinin heyətində yer alan səkkizqat qitə çempionu Zaqrebdə də uğurunu davam etdirmək əzmindədir. Stadnik 34 yaşı olmasına baxmayaraq, özünü yaxşı hiss etdiyini söyləyib: “Yaşım çox olsa da, gücüm və istəyim olduğu müddətdə çıxışımı davam etdirəcəyəm. Yaş sadəcə rəqəmlərdir”.
İkiqat dünya çempionunun əsas hədəfi 2024-cü ildə Fransanın paytaxtı Parisdə baş tutacaq Yay Olimpiya Oyunlarının qalibi olmaqdır: “Ümid edirəm ki, Parisdəki olimpiadaya lisenziya qazana biləcəyəm. İndiyə qədər qatıldığım dörd olimpiadanın hamısında medal qazanmışam. Bunun ikisi gümüş, ikisi isə bürünc mükafat olub. Ancaq bu dəfə qızıl medal arzusundayam. Olimpiya çempionu olacağıma inanmasaydım, karyeramı davam etdirməzdim”.
Bir müddət əvvəl karyerasında fasilə yaranan Stadnik gələcək taleyinə aydınlıq gətirmək üçün bu addıma əl atdığını vurğulayıb: “Heç vaxt deməmişəm ki, karyeramı bitirirəm. Sadəcə, istirahətə ehtiyacım var idi. Dincəlməli idim ki, davam edib-etməməklə bağlı gücüm və istəyimin olub-olmadığını düşünüm”.
Qeyd edək ki, Mariya Stadnik karyerası ərzində 2 dəfə də Avropa Oyunlarının qalibi olub.