Taksilər niyə icazəli şəxsləri rayonlardan 50 manata gətirir?

ÖLKƏ
15:16 / 11.05.2020
1497

Xəbər verdiyimiz kimi karantin rejimində Azərbaycanın rayonlarından vətəndaşların gəliş- gedişinə bəzi hallarda icazə mövcuddur. Təbii ki, bu az bir təbəqəni əhatə edən məsələdir. Bakıya gedən yoldakı postlardan şəhərə keçmək istəyənlərin avtomobilin yük yerində gizlənməyindən və yaxud da təcili yardım maşınına pul verərək keçməyindən söhbət getmir.

Söhbət xüsusi icazəli olan vətəndaşların 50 AZN müqabilində paytaxt ərazilərinə daşınmasından gedir. Taksi sürücülərinin başqa vaxtlarda daha az məbləğdə ödəniş tələb etsələr də, pandemiya dövründə bu məbləği şişirdilmiş şəkildə almasına səbəb nədir? Həqiqətənmi ölkəmizdə hazırda hökm sürən ən həssas pandemiya dönəmindən bu sahədəki işbazlar da yararlanır? Qanun belə şəxslərin hərəkətinə hansı qadağalar qoya bilər?

Bununla bağlı Sonxeber.az-a danışan millət vəkili Fazil Mustafa məsələnin özəl daşımalara, yəni taksilərə aid olduğu üçün qiymət məsələsini diktə edə bilməyəcəyimizi bildirib:

"Məsələ özəl daşımalarla bağlıdırsa, biz taksilərə "niyə bu qiymətə adam aparırsan" deyə diktə edə bilmərik. Çünki bu razılaşma ilə olan addımdır. Taksi sürücülərinin məsrəfləri pandemiya vaxtına təsadüf etdiyinə görə böyük olur. Məsələn, şəhərə giriş-çıxışda problemləri yarana bilir. Çox güman ki, onlar bu vəziyyətdə narahatçılıq yaşadıqlarına görə belə bir qiymət təyin edirlər. Yəni, ekstermal vəziyyətlərdə taksilər şəhərə gəlib- gedərkən, müştəri götürüb yenidən geri qayıtmaq imkanı olmadığına görə xərclərini kompensasiya etmək istədikləri üçün belə bir məbləğ qoyduqları görünür. Dövlət tabeliyində olan nəqliyyat daşımalarına həmin məsələ aid olsa, qiymət məsələsini qaldırmaq əlbəttə ki, qanunsuz sayılar".

Millət vəkilin Fazil Mustafa həmçinin pandemiya şəraitində fürsətcil insanlar haqqında qaydaların yaradılmasını vacib hesab etdiyini vurğulayıb:

"İnsanlar gərək fürsətcil olmasınlar. Hamıdan insaf tələb etmək hüquqi nöqteyi- nəzərdən doğru deyil. İnsanlar var ki, belə bir vəziyyətdə fürsət gözləyirlər, qiyməti qaldırır, malı gizlədirlər. Maska məsələsində də eyni hal müşahidə olundu. Düşünürəm sözügedən məsələdə qayda yaratmaq lazımdır. Bütövlükdə insanların istismar olunması halları varsa, həmin neqativ hallar azaldılmalıdır".

0
Sonxeber.az