Aprelin 3-də Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Siyasi məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli rəhbərlik edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında ənənəvi dostluğa və qarşılıqlı etimada əsaslanan çoxölçülü strateji tərəfdaşlıq və onun gücləndirilməsi perspektivləri, siyasi, ticari-iqtisadi, energetika, müdafiə və təhlükəsizlik, nəqliyyat, logistika, humanitar, mədəniyyət, təhsil sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.
X.Xələfov münasibətlərin hazırkı yüksək səviyyəsinin təmin olunmasında son illərdə yüksək səviyyəli siyasi dialoqun davam etməsinin, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərlərinin xüsusi rol oynadığını vurğulayıb.
2020-ci ildə iki ölkə arasında imzalanmış Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin, habelə müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlərin, eləcə də çoxsaylı hökumət və parlament nümayəndə heyətlərinin səfərlərinin və birgə olaraq həyata keçirilmiş bir sıra strateji layihələrin əhəmiyyəti qeyd olunub.
E.Çirielli iki ölkə arasında mövcud olan çoxölçülü strateji tərəfdaşlıqdan məmnunluqla danışaraq münasibətlərin hazırkı səviyyəyə yüksəlməsinin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olduğunu bildirib. Azərbaycanın bölgədə mərkəzi rola malik olduğunu, iki ölkə arasında geniş spektrli iqtisadi gündəliyin mövcudluğunu, uzun illər Azərbaycanın İtaliya üçün mühüm enerji təchizatçısı olduğunu, Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəmərinin fəaliyyətə başlamasından sonra Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyindəki rolunun daha da artıdığını diqqətə çatdırıb.
Azərbaycanda uzun illər çoxsaylı italyan şirkətlərinin uğurla fəaliyyət göstərdiyini, iki ölkənin həyata keçirdiyi layihələrin bölgədə və ondan kənarda əməkdaşlığın və inkişafın təmin olunmasındakı əhəmiyyətini vurğulayıb.
X.Xələfov görüş zamanı Vətən müharibəsindən sonrakı dövrdə bölgəmizdə yaranmış yeni reallıqlar, davamlı sülhün və sabitliyin bərqərar olunması, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib və bu layihələrdə İtaliya şirkətlərinin fəal iştirakının dostluğun bariz nümunəsi olduğunu bildirib. Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşması istiqamətində iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının, dövlət sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılmasının zəruri olduğunu diqqətə çatdırıb, Ermənistanın qeyri-konstruktiv mövqeyinin və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin Cənubi Qafqazda sülh quruculuğuna təhlükə yaratdığını qeyd edib.
E.Çirielli Azərbaycanın bölgədə sülhün bərqərar olunması istiqamətində səylərinin təqdirəlayiq olduğunu, Cənubi Qafqazda davamlı sülhün təmin olunmasının vacibliyini qeyd edərək bu xüsusda İtaliyanın müvafiq töhfələr verməyə hazır olduğunu bildirib.
Siyasi məsləhətləşmələrdə iki ölkə arasında humanitar sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə olunub, Heydər Əliyev Fondunun mühüm rola malik olması vurğulanıb. Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasının, Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasının tərəfdaşlığın şaxələndirilməsindəki əhəmiyyəti qeyd olunub.
Məsləhətləşmələrdə, habelə regional və beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən digər mövzular, çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, strateji dialoqun və hökumətlərarası komissiyanın növbəti iclaslarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.