Azərbaycan və Qırğızıstan ikiqat vergitutmanı aradan qaldıracaq

İQTİSADİYYAT
16:55 / 07.04.2023
639

Azərbaycan və Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş layihəsi üzrə danışıqlar keçirilib.

Bu barədə İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, danışıqlarda Azərbaycanı qurumun ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Qırğızıstanı isə bu ölkənin İqtisadiyyat və Ticarət Nazirliyinin, Dövlət Vergi Xidmətinin məsul şəxsləri təmsil edib.

Müzakirələrdə Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev saziş üzrə danışıqlara başlanılmasının hər iki ölkə üçün böyük önəm kəsb etdiyini vurğulayıb. O, qeyd edib ki, saziş imzalanacağı təqdirdə, sərmayəçilər üçün əlverişli şərait yaranacaq, məlumat mübadiləsində effektiv qarşılıqlı münasibətlər formalaşacaq.

Üç gün davam edən müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutmaya aid olan bütün müddəaları üzrə razılıq əldə edilib. Qarşılıqlı anlaşma şəraitində keçən müzakirələr zamanı tərəflər açıq qalan məsələlərlə bağlı qısa vaxt ərzində razılığın əldə olunması üçün səylərin gücləndirilməsi barədə ortaq fikrə gəliblər.

0