Türkiyənin müxalif Demokratik Sol Partiyası (DSP) mayın 14-də keçiriləcək prezident seçkisində “Cümhur İttifaqı”nın namizədi, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.
Hit.az xəbər verir ki, bunu DSP sədri Önder Aksakal deyib.
O, R.T.Ərdoğana seçkilərdə uğurlar arzulayıb.
“Biz mayın 14-də baş tutacaq parlament seçkilərində öz siyahımızla iştirak etməyəcəyik. AK Partinin siyahısında olacağıq”, - DSP lideri söyləyib.
Qeyd edək ki, DSP 1985-ci ildə Türkiyənin keçmiş Baş naziri Bülent Ecevit tərəfindən yaradılıb.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.
Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.
Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.