Aprelin 9-dan etibarən İranda etiraz fəallığı kəskin artıb.
Hit.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, bunun əsas səbəbi ölkədə iqtisadi vəziyyətin pisləşməsi və son zamanlar tələbələrin yenidən zəhərlənməsidir: “Aprelin 9-da İranın 12 əyalətinin 16 şəhərində 18 etiraz aksiyası keçirilib. Bu etirazların əksəriyyəti iqtisadi motivli olub. Müxtəlif hökumət rəsmiləri və qurumları son həftələrdə elan etdilər ki, İranda inflyasiyanın səviyyəsi 40-50 faiz arasında dəyişir”.
Məlumata görə, İran rialı aprelin 7-dən aprelin 10-na qədər nisbətən sabit qalıb: “Buna baxmayaraq, İran İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli media Rəisi administrasiyasının iqtisadi komandasında dəyişikliklərin olacağı ilə bağlı xəbərlər yayıb. Proqram və Büdcə Təşkilatının rəhbəri Məsud Mir Kazeminin istefa verəcəyi gözlənilir. Həmçinin iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzinin də yaxın həftələrdə istefa verəcəyi bildirilib”.
Qeyd edək ki, fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.
Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.