Fərid Pərdəşünas “Lala”dan danışdı: “İnsanlar ona siyasi, intim münasibətlər barədə suallar daxil edir”

TEXNO
15:01 / 13.04.2023
1588

Xəbər verdiyimiz kimi, Azərbaycanın ilk təkmil botu, Şərqdə ilk xanım bot “Lala” aprelin 12-də yenidən canlanıb. “Lala” rəqəmsal "influencer" olaraq da fəaliyyətə başlayıb. Hazırda “ChatGPT 3.5” əsasında çalışan “Lala” artıq “Facebook Messenger"də, eyni zamanda "Telegram"da insanlarla Azərbaycan dilində danışa bilir. “Lala”nın insanlara verdiyi cavablar isə sosial şəbəkələrdə gündəm olub. Belə ki, xanım bot Azərbaycan dilində danışa bilsə də, sualların əksəriyyətinə səhv, eyni zamanda gülməli, aidiyyatı olmayan cavablar verib. Hətta çoxları yazdığı mesajlarda “Lala” ilə zarafatlaşır, səhv cavablara görə botun yaradıcısı tanınmış texnobloger Fərid Pərdəşünası tənqid edirlər.

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən F.Pərdəşünas deyib ki, dünəndən bəri bu barədə xeyli sayda sorğu alıb.

F.Pərdəşünas bildirib ki, çoxları “Lala” botdan özləri ilə bağlı, yəni öz kimlikləri barədə suallar soruşur: “Təəssüf ki, “Lala” bu məlumatlara doğru, səhih cavab vermir. Əksər insanları müğənni, Xalq artisti və digər tanınmış şəxslərlə qarışdırdığına, yaxud soyad bağlılığına görə yanlış məlumat verir. Eyni zamanda statistikamız göstərir ki, insanlar tərəfindən bota siyasi, intim münasibətlər barədə suallar daxil edilir. “Lala”nı biz proqramlaşdırmamışıq. Bu barədə sosial şəbəkədə də yazmışam. Bu bot alqoritmik olaraq “ChatGPT”nin APİ-lərinə dayanır. Bütün məlumatları bot özü “ChatGPT”nin məntiqi əsasında, onun alqoritminə əsaslanaraq internetdə axtarış edib, oradan gətirir. Yəni bu məlumatları bota biz daxil etməmişik. Bəzi insanlar yazırlar ki, “Lala” siyasətə qarışmır, bu, “troll” botdur, yaxud “Fərid özü onu qəsdən siyasətə qatmayıb…” Xeyr, sadəcə, “ChatGPT” belə bir imkan vermir ki, bot siyasi fikir bildirsin, siyasi şəxslər haqqında rəy versin. Biz, sadəcə, bir brend yaratmışıq. Ona Azərbaycan dilində bəzi “input”lar daxil etmişik, daha rahat istifadəçi interfeysi vermişik, “Telegram”da, “Facebook Messenger”də rahat imkan yaratmışıq. Yəni siz “Lala” vasitəsilə əslində qlobal tətbiq “ChatGPT” ilə danışırsınız, sadəcə, “Lala” bunu daha da asanlaşdırıb. Təbii ki, bizim öz əlavələrimiz, öz məlumat bazamız da var. “Lala”ya əvvəlcədən müəyyən məlumatlar veririk ki, onlar əsasında da cavablar hazırlasın. Təkcə “ChatGPT”yə bağlı deyil, sadəcə, məntiq olaraq bu tətbiqdən istifadə edir. Bəzi rəylərdə qeyd ediblər ki, “azərbaycanlıların yaratdığı bot bundan artıq olmayacaq”. İnsanlar başa düşmürlər ki, əslində onlar azərbaycanlının yaratdığı botla yox, qlobal bir botla danışırlar. “ChatGPT” bu dəqiqə bütün dünyada məşhurdur. Belə aşağılayıcı rəylər həqiqətən yolverilməzdir. Axı bunu heç azərbaycanlı yaratmayıb. “ChatGPT”ni azərbaycanlı yaratsaydı, bizim cəmiyyət belə rəyləri ilə onu heç qabağa getməyə qoymazdı. Bir daha cəmiyyətin azərbaycanlıya - öz içindən olana qarşı belə aqressiyasını görmək mənim üçün, həqiqətən, üzücüdür. Bu botun məntiqini mən yaratmamışam, “Lala”nı yaratmışam. Sadəcə, insanlar həmişə aşağılamağı sevirlər, üstün tuturlar”.

0