Ötən həftə sonu Azərbaycan idmanı üçün fərqli formada keçdi. Diqqətlər ağır atletika üzrə Avropa çempionatında iştirak etmək üçün Ermənistana gedən milli komandamızda idi.
Yığmamız paytaxt İrəvanda keçirilən yarışda mübarizəyə başlamamış geri qayıtmalı oldu. Buna səbəb isə açılış meydanında yaşanan hadisə idi. Bayrağımızın yandırılması sıradan bir hadisə deyildi. Bununla bağlı sərt addımlar atılmalı idi ki, onlardan biri də komandamızın geri qayıtması idi. 12 nəfərlik heyətlə Ermənistana yollanan milli komandamız vətənə geri döndü. İrəvana yollananlar sırasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev də var idi.
Həmkarımızla müsahibəni təqdim edirik:
- Hər şeyə əvvəldən başlayaq. Ermənistana – İrəvana hansı hisslərlə gedirdiniz?
- İşin həm idman, həm də mənəvi tərəfi var idi. Mənəvi tərəf çox sadə idi. Əhalimizin böyük hissəsi Ermənistanda olmayıb. Əvvəlki vaxtlar yaşlı nəslin nümayəndələri bəlkə nə vaxtsa ora gedib-gəliblər. Amma bizim nəslin nümayəndələri Ermənistana ayaq basmayıb. Maraqlı idi ki, ora necədir? Xüsusilə müharibədən sonra ora getmək, İrəvana ayaq basmaq, düşünürəm ki, hər kəsə maraqlı olardı. Səhv anlaşılmasın, bilmirəm buna kim ürək edərdi, ya etməzdi, amma mən Avropa çempionatının Ermənistanda keçiriləcəyi ilə bağlı xəbəri ilk dəfə eşidən kimi rəhbərliyə istəyimi bildirdim. Sağ olsunlar, qərarımı dəstəklədilər, ora getməyimə şərait yaradıldı.
İşin idman tərəfinə gəlincə, bu, daha vacib məsələ idi. Çünki olimpiadanın lisenziya sistemi bir qədər fərqlidir. Ağır atletika üzrə yarışlarda iştirak etmək üçün lisenziya xalları qazanılmalıdır. Bu xalları da lisenziya yarışlarında qazanmaq olar. Ermənistandakı Avropa çempionatı daxil olmaqla cəmi 6 turnir qalıb. Bunların 5-də mütləq şəkildə iştirak etmək lazımdır. Biz Ermənistana getməsəydik, hərçənd ki, indi də iştirak etmiş sayılmırıq, Avropa çempionatına yollanmasaydıq şansımız qalmayacaqdı. Hər hansı idmançı zədələnə və yaxud xəstələnə bilərdi. Həmin idmançı yarışa getməsə, demək olar, şansı qalmır. İdman baxımından biz milli komanda olaraq, bu yarışda iştirak etməli idik. Müzakirə olundu və getmək qərarı alındı. Biz qorxmurduq, yarışa gedib xal qazanmalı idik. Təbii ki, təhlükəsizlik təminatı olmalı idi.
- İrəvana ayaq basandan sonra nələr yaşandı?
- Biz hava limanında düşəndə sonra otelə gətirdilər. Bütün günü orada qaldıq. Səhərisi gün bir dəfə oteldən kənara çıxa bildik. Məşq üçün getdik, qayıtdıq. Biz şəhəri ancaq avtobusun pəncərəsindən görə bildik. Televizorda necə görürüksə, hər şey elə idi. Xüsusi, fərqli bir şey yox idi. İrəvan çox da inkişaf eləmiş şəhər deyil.
- Ermənilərlə təmasınız, əlaqəniz, söhbətiniz oldumu?
- Bizə qulluq edən ofisiantlar, mühafizə xidmətinin hamısı erməni idi. Onlarla hansısa münasibətimiz olmadı. Öz işlərini görürdülər. Oteldən kənardan isə heç kimlə təmasımız olmayıb. Təmasımız olsaydı, deyə bilmərəm ki, bizə nəsə eləyərdilər-eləməzdilər. Məncə, eləyərdilər. Çünki bu bayraq qalmaqalından sonra başa düşdük ki, heç kimə güvənmək olmaz. Mühafizədə və digər xidmətlərdə olan şəxslər mülayim olmağa məcbur idilər.
- Açılış mərasimində niyə çıxış etmədiniz?
- Biz düşündük ki, təhlükəsizlik baxımından iştirak etməyək. Ağlımıza belə gəlməzdi ki, kimsə orada bayraq yandırar. Çünki bu nonsensdir. Bunun olma şansı milyonda bir faizdir. Heç yerdə olmamışdı, olma ehtimalı da ağlımıza gəlmirdi. Amma hər cür variantı fikiləşdik ki, təxribat ola bilər. Ona görə açılışa getməyi ehtiyac görmədik. Görünən odur ki, getməməklə düz etmişdik. Çünki biz bayrağın yandırılmasını yerində görsəydik, təbii olaraq müdaxilə edə bilərdik. Ara qarışa, daha böyük hadisələr ola bilərdi. Çünki bayrağa qarşı təhqiri qəbul edə bilməzdik. Hətta biz uzaqdan, internetdən videonu görəndə belə reaksiya verməyə başladıq. Biz bir məsələyə güvənirdik ki, açılış mərasimində bizə təhlükəsizlik zəmanəti vermiş şəxs, hökümətin rəhbəri kimi insanlar var. Onların olduğu yerdə belə hadisənin baş verəcəyi heç kimin ağlına gəlməzdi. Amma bu oldu.
- Hadisə baş verən vaxtı olduğunuz oteldə internet kəsilmişdi. Bu, öncədən planlaşdırılmış addım idi?
- Maraqlı məqamdır. Həmin ana qədər internetlə bağlı problem yox idi. Açılış mərasimi gedən vaxtda bu baş verdi. Biz də fikirləşdik ki, qeyri-adi bir şey yoxdur, texniki problemdi, ola bilər. Mərasimə televizordan baxırdıq. Bayrağın yandırılma məqamını göstərmədilər. Biz də bunu bilmədik. İnternet bir müddətdən sonra düzəldi. Videonu sonradan internetdən izlədik. Dərhal anladıq ki, internetin kəsilməsi hadisə baş verən vaxtla üst-üstə düşür. Yəqin onlar düşünürdülər ki, biz bu xəbəri oxumayaq. Bunu gec-tez öyrənəcəkdik. Çünki bizi uzun müddət internetsiz qoya bilməzdilər.
- Qərar verilən gecə hansısa fikir ayrılığı, qalıb mübarizə aparmaq istəyən var idimi?
- Tərəddüd yox idi. Artıq qərar verilmişdi. Həmin videonu görəndən sonra ən azından biz qərarımızı vermişdik ki, burada iştirak eləmək istəmirik. Bakıya məlumat verdik. İlk andan sona qədər dövlətimiz yanımızda oldu. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Gənclər və İdman Nazirliyi və federasiyamız – hər kəs bizimlə idi. Bizə dəstəklərini nümayiş etdirirdilər. Sadəcə prosedur olaraq bəzi addımlar atılmalı idi. Bayrağımızın yandırıldığı ölkədə qalmağı ağlımızın ucundan belə keçirmirdik.
- Girov götürülməyinizlə bağlı xəbər yayılmışdı. Nə baş verirdi?
- Bizi otelə qapatmışdılar. Bu məsələ baş verəndə ölkədən çıxmağa çalışdıq. Biletimiz alınmışdı. Xəbər elədik ki, biletimiz alınıb, biz ölkədən çıxırıq. Birinci dedilər ki, problem yoxdur, çıxardarıq. Sonra nə oldusa, başladılar ki, yox, təhlükəsiz deyil, səhərə kimi qalın. Sonra gəlib dilə tutmağa çalışdılar ki, getməyin, bir nəfər bunu eləyib, biz belə olmasını istəmirdik. Dedilər ki, narahat olmayın, bundan sonra təhlükəsizlik təmin olunacaq. Bu nağıllar idi. Əgər baş nazirin oturduğu yerdə, 5 addımlığında belə hadisə baş verirsə, bayraq yandırılırsa, növbəti gündə idmançımıza da zərbə vurula bilər. Hər şey ola bilər. Ona görə də inanmadıq. Sonra biz məcburən otelə qayıtdıq. Çünki bizi aparmadılar. Biletlər də yandı.
- Üzürxahlıq edirdilər?
- Bəli, üzr istəyirdilər. Amma rəsmi şəkildə deyildi. Sadəcə şəxslərin ağzından çıxırdı. O üzürxahlıq belə heç nəyi dəyişməyəcəkdi.
- Geri dönüş prosesi necə oldu?
- Təhlükəsizlik tədbirləri görülmüşdü. Avtobusla çıxmalı olduq. Təhlükəsizliyi təmin edən tərəfin yeganə təklifi idi. Bizə deyildi ki, sizin avtobusla çıxışınıza təminat veririk. Təbii ki, Bakıyla razılaşdırdıq. Məsləhətləşmə oldu, qərara alındı ki, avtobusla çıxaq. Əvvəl Gürcüstan sərhədinə, oradanda da Tbilisiyə getməli idik.
- Belə qarşılanmanı gözləyirdiz?
- Düzü, gözləmirdim. Bəlkə də bir az təvözakarlıq olacaq, mən xüsusi nəsə elədiyimi düşünmürəm. Nə mən, nə də komandamız. Biz sadəcə idmançı, idman nümayində heyəti və azərbaycanlı olaraq ora getməyə qorxmadıq. Bu qədər insanın, həmkarlarımızın hava limanına gəlməsi, bizi təəccübləndirdi. Bu dəstəyə görə hər birinə təşəkkür edirəm. Xalqımıza təşəkkür edirəm. Biz xalqımızdan dəstək, inam, stimul alırıq. Onlar yanımızdadırlarsa, bizim üçün problem yoxdur. Biz bu dəstəyi hiss edirdik.
- Orada olduğunuz, bu hadisələrin baş verdiyi müddətdə ailələrinizin baş verənlərə yanaşması necə idi? Yəqin ki, hansısa narahatlıq var idi...
- Evdəkilərə deyirdim ki, əgər deyirəmsə hər şey yaxşıdır, narahat olmayın, deməli, elədir. Təbii olaraq narahat idilər. Təhlükəsizlik tədbirləri baxımından çox şey danışmırdım. Ailəm məni başa düşürdü. Narahatlıq var idi, amma mənə güvənirdilər, bilirdilər ki, salamatlıqdı. Bu pafoslu bir söz deyil, bütün Azərbaycanın dəstəyini hiss edirdim.
P.S. Kənan Məstəliyev sonda media nümayəndələrinə də ürək sözlərinin olduğunu bildirdi:
“Həmkarlarım, media nümayəndələri məni üzürlü hesab etsinlər. Heç biri ilə əlaqə saxlamaq imkanım olmurdu. Mən onları başa düşürəm. Sadəcə təhlükəsizlik baxımından belə addım atılmalı idi. Ona görə də telefonlara çıxa bilmirdim. Üzürlü saysınlar”.
Mənbə: Publika.az