Azərpaşa Nemətovun yeri uğrunda dava - Onların adı çəkilir

MƏDƏNİYYƏT
22:53 / 19.04.2023
1685

Xalq artisti Azərpaşa Nemətov vəfat etdikdən sonra onun rəhbərlik etdiyi Teatr Xadimləri İttifaqına kimin sədr təyin olunması məsələsi qaynar müzakirələrə səbəb olub. 

Lent.az-ın xəbərinə görə, Azərpaşa Nemətovun səlahiyyətləri müvəqqəti olaraq Xalq artisti Hacı İsmayılova tapşırılıb. Bu vəzifəni tutmaq uğrunda gizli savaşlar başlayıb. İttifaqa ən layiqli namizəd olaraq rejissor İsrafil İsrafilov və teatrşünas İlham Rəhimlinin açı çəkilir.

Əldə etdiyimiz məlumata görə, İttifaqın Gənclərlə iş və Bölgə teatrlarının inkişafı sektorunun rəhbəri Dağlar Yusifin bu vəzifəyə seçilməsini istəyənlər var.

Bir zamanlar Azərpaşa Nemətovla qalamaqallar səbəbilə teatrdan  ayrılmış rejissor Emil Əskərov sosial şəbəkədəki paylaşımında  uzun sürən bürokratiyadan sonra Dağlar Yusifin ən yaxşı namizəd olduğunu qeyd edib.

“Teatr Xadimləri İttifaqının sədrliyi ətarında gedən müzakirələr fonunda müxtəlif fikirlər səslənir. Hamımızın bildiyi kimi İttifaqın keçmiş dövrdəki fəaliyyəti teatr camiəsi tərəfindən hər zaman narazılıqlara səbəb olub və teatr xadimləri bu qurumun fəaliyyətindən hər zaman əl-həzər ediblər, küsüblər, ondan üz çeviriblər. Bu gün isə bizim əlimizdə imkan var ki, bu quruma gənc kadr seçib İttifaq üçün yeni səhifə açaq. İttifaqın Gənclərlə iş və Bölgə teatrlarının inkişafı sektorunun rəhbəri Dağlar Yusifin son illər ərzində İttifaqda gördüyü işlər, teatrın və İttifaqın tərəqqisi üçün göstərdiyi səy, çarpışma hamımıza məlumdur! İttifaqa sədirlik  mövzusunda Azərbaycan teatr sferasında Dağlar Yusifə alternativ namizəd yoxdur!”,- deyə rejissor bildirib. O həmçinin Dağlar Yusiflə bağlı hazırlanmış afişanı paylaşıb.

Əməkdar artist Füzuli Hüseynov isə öz paylaşımında “Bəzi çaqqal səsləri gəlir. Çaqqalın işi ulamaqdır. Unutmayın!” yazıb. 

Lent.az-a açıqlama verən Əməkdar artist bildirib ki, ittifaqa sədr qurultayda seçki vasitəsilə keçiriləcək. Qurultayınsa nə zaman olacağı hələlik müəyyənləşdirilməyib.

“Mənim fikrimcə bu vəzifəyə ən yaxşı namizəd İlham Rəhimlidir. O yerdə layiqli adam oturmalıdır” deyə aktyor qeyd edi.

 Fizuli Hüseynovun özünün namizədliyini verib - verməyəcəyini soruşduq. O bildirdi ki, belə bir ambisiyası yoxdur.

“Mən çərçivələrə sığan adam deyiləm. Vəzifədə olmaq, hər gün qalstuq taxıb masa başında oturmaq ömür- gün deyil”.

0