Kinorejissor, Avropa Kino Akademiyasının üzvü, Xalq artisti Vaqif Mustafayev "Həyat, deyəsən, gözəldir" ("Fəryad 2") filminin nümayişinin gecikməsinin səbəbini açıqlayıb.
Kinorejissor bu haqda "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər" mövzusunda keçirilən Kino forumunda danışıb. O bildirib ki, ekran işi mayda nümayiş olunacaq:
"Film ilk dəfə Türkiyədə festivala təqdim edildi. Amma ondan əvvəl filmdən 27 dəqiqə kəsildi. Nazir özü baxıb güldü, amma dedi ki, kəsilsin. Mən bunun niyə edilməsini başa düşmədim. Gülməli məqamlar olduğu üçün onun ekranlara çıxmasına etiraz edildi".
Qeyd edək ki, iki il əvvəl Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən film “Fəryad” filminin davamıdır. “Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filmi 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı şanlı qələbəyə həsr olunub. //Axşam.az